“Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi” – Vitse-spiker Adil Əliyev
“Bolşeviklər Azərbaycanı işğal etmək üçün müxtəlif hiyləgərliklərdən istifadə etdilər”.
Yenicag.az xəbər verir ki, bu fikirləri 28 May – Respublika Gününün əhəmiyyəti haqda danışan Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
Adil Əliyevə görə, paytaxt Bakının işğaldan azad olunması Azərbaycan türkləri üçün qürur məsələsi idi:
“Ötən əsrin əvvəllərində müxtəlif dövlətlərdə Azərbaycandan gedərək, yüksək səviyyədə ali təhsil alan ziyalı qrupu formalaşmışdı ki, məhz həmin şəxslər müstəqilliyin ideoloji əsasını hazırlamışdılar.
Paytaxt Bakının işğaldan azad olunması Azərbaycan türkləri üçün qürur məsələsi idi. Azərbaycan Cumhuriyyətinin müvəqqəti paytaxtı 1918-ci ilin mayın 28-də Gəncə elan olunsa da, əsas məqsəd Bakını və məmləkətin digər ərazilərini işğalçılardan azad etmək idi və bu işdə qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyin böyük əhəmiyyəti vardı. Nəhayət 1918-ci ilin sentyabrın 15-də Bakı işğaldan və işğalçılardan azad olundu”.
Vitse-spiker vurğulayıb ki, Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində milli ordu quruldu, siyasi və iqtisadi, o cümlədən, torpaq islahatı həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi:
“Cümhuriyyət mürəkkəb dövrdə varlığını sürdürürdü. Ətraf toz-duman idi. Birinci Dünya Müharibəsi yenicə bitmiş, Osmanlı dövləti süqut etmiş, Böyük Britaniyanın qoşunları Azərbaycanda yerləşmiş, üstəgəl, şimal qonşumuz – Rusiyada vətəndaş müharibəsi davam edirdi.
Cümhuriyyətimizin süqutu da məhz Rusiyada baş verən hadisələrlə əlaqəli oldu. Bolşeviklər vətəndaş müharibəsində rəqibləri üzərində qələbə çaldıqdan sonra vaxtilə devirdikləri Rusiya İmperiyasını başqa formada bərpa etmək qərarına gəldilər. 1920-ci ildə yalnız Azərbaycan işğal olunmadı. Rusiya İmperiyasından qopan Polşa və Finlyandiyadan başqa bütün digər ərazilər yenidən işğal olundu”.
Bolşeviklərin Azərbaycanı işğal etmək üçün müxtəlif hiyləgərliklərdən istifadə etdiklərini bildirən Adil Əliyev qeyd edib ki, rus bolşevikləri Azərbaycanda özlərinə mütttəfiq tapdılar. Təəssüf ki, onların içərisində Azərbaycan parlamentinin millət vəkilləri, hətta Cümhuriyyətin hərbi donanma naziri də var idi. Onlar Cümhuriyyətin süqutu üçün yeni ağalarına canla-başla xidmət etməyə başladılar:
“Rus bolşevikləri Azərbaycan əhalisini və parlamenti aldatmaq üçün şaiyə yaydılar ki, guya Qızıl Ordu Azərbaycandan keçib Türkiyəyə – imperialistlərlə savaşan Atatürk və onun tərəfdarlarına yardıma gedəcək. Bunun yalan olduğu işğalın ilk günündən bəli oldu. Qızıl Ordunun Türkiyəyə yardım etmək kimi planı yox idi.
Yeni formalaşan Azərbaycan ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni silahlı qrupları ilə mübarizə aparırdı. Bakıda çox az qüvvələr var idi. Rus bolşevikləri bütün bu amillərdən istifadə edərək, Azərbaycanı işğal etdilər. Ancaq Azərbaycanın hətta güclü ordusu olsaydı və müqavimət təşkil olunsaydı belə, böyük ehtimalla Rusiya məmləkətimizi işğal edəcəkdi. Çünki o dövrdə yalnız Azərbaycan işğal edilmədi”.
Adil Əliyev bildirib ki, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutub:
“İşğal Cumhuriyyəti və onun bayrağını unutdurmadı, 70 ildən sonra həmin bayraq yenidən dalğalandı. Bu bayrağı ilk olaraq ümumilli liderimiz Heydər Əliyev Naxçıvan parlamentində dalğalandırdı. 1990-cı illərin əvvəllərində Azərbaycan növbəti təhlükə ilə üzləşdi, o zamankı hakimiyyətin yarıtmaz siyasəti məmləkətimizi yenidən uçurum nöqtəsinə gətirdi.
Xalqımızın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi bizi növbəti fəlakətlərdən qurtardı. Sabitlik və inkişaf dövrü başlandı, döyüş bölgəsində uğurlu həmlələr həyata keçirildi, böyük şirkətlərlə “əsrin müqaviləsi” və nefti daşıyacaq boru xətləriylə bağlı sazişlər imzalandı.
İlham Əliyev bu siyasətin ardıcıl davamçısıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan hələ indiki qədər güclü olmamışdı. Müstəqil Azərbaycanın sabit inkişafı məmləkətimizi yeni uğurlara aparır. Azərbaycan işğalçı Ermənistandan başqa heç bir yaxın və uzaq ölkə ilə münasibətlərdə gərginlik yaşamır. Əsas amalımız yaxın və uzaq qonşularla qarşılıqlı faydalılıq əsasında əlaqələri inkişaf etdirməkdir. Bu yolda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Azərbaycan Cumhuriyyəti o dövrün tarixi gedişatı səbəbindən qısa müddət həyatda qala bildi. Hazırkı Azərbaycan Cumhuriyyəti isə əbəbidir, bizlər müstəqilliyimizin davamı uğrunda bir daha kimsənin qarşısında baş əyməyəcəyik”.
Gülşən Şərif