İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sərsəng su anbarı: humanitar fəlakətin bir addımlığında” maarifləndirmə tədbirinin və tədbir çərçivəsində foto-sərginin keçirilməsi” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Sərsəng su anbarının işğalı nəticəsində yaranmış ekoloji fəlakət və bu ekoloji fəlakət fonunda yarana biləcək böyük hümanitar fəlakətlə bağlı xaricdə yaşayan azərbaycanlıların, dost xalqların diaspor təşkilatlarının, ekologiya sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların, yerli ictimaiyyətin və diplomatik nümayəndəliklərin məlumatlandırılması məqsədilə Macarıstan və Polşada “Sərsəng su anbarı: humanitar fəlakətin bir addımlığında” mövzusunda maarifləndirmə tədbiri və tədbir çərçivəsində foto-sərgi keçiriləcəkdir.
Milli Məclisin deputatı (IV və V çağırış), AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 nömrəli qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymayaraq Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam edir.
Məlumat üçün bildirək ki, Sərsəng su anbarı — 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su anbarıdır. Hüquqi-inzibati baxımdan Azərbaycana məxsusdur. Anbarın ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbar respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında olduğu 30 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmir və nəticədə o qəzalı vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı relyefində yerləşən əhali üçün ciddi təhlükə yaradır
Məhz bu baxımdan Sərsəng su anbarı, onun yarada biləcəyi humanitar fəlakət, ekologiyaya vurulan zərərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasına, maarifləndirilməsinə ehtiyyac vardır.
Qeyd etmək yerinə düşərdi ki, Sərsəng su anbarında baş verəcək hər-hansı qəza nəticəsində Azərbaycan Respublikasının 6 rayonunun – Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının tamamilə su altında qalması, 700 minə yaxın insanın bu fəlakətin qurbanı olması riski vardır.
Layihənin təşkilati dəstəkçisi Azərbaycan Diasporuna Dəstək Fondu, Polşa və Macarıstandakı Azərbaycan Evləridir.
Mətbuat xidməti