Təhsil İnstitutu iyunun 21- 22-də və 24-də keçiriləcək sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirəcək.
İnstitutdan Yenicag.az-a bildirilib ki, sınaq imtahanının linki iyunun 14-ü saat 15:00-dan etibarən başlayaraq iyunun 15-i saat 15:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticələr dərhal ekranda görünəcək.
İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.
TEAMS proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini unutmuş müəllimlər təlimat videosundan istifadə edərək şifrəni bərpa edə bilərlər.
Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupa daxil olub dəvət gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.