“Ermənistanı yaranmış vəziyyətdən yararlanaraq, geri çəkilməyə və işğal olunmuş əraziləri tərk etməyə çağırırıq”.
Bunu oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs fonunda Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması istiqamətində addımlar atmayacağı təqdirdə hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalını dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Tural Abbaslı hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, bu halda heç bir atəşkəsdən söhbət gedə bilməz:
“Atəşkəs danışıqları başlamazdan öncə də elan olunmuşdu ki, nəzərdə tutulan atəşkəs sırf humanitar məqsəd daşıyır. Yəni bu çərçivədə həlak olmuş hərbçilərin cəsədlərinin götürülməsi və əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. İndiki məqamda hətta humanitar atəşkəsin əldə olunması belə 10 saat vaxt aldı. Ona görə də düşünmürəm ki, bu atəşkəs uzunmüddətli ola bilər. Fikrimcə, əldə edilmiş atəşkəs razılığı maksimum 24 və ya 36 saat çəkə bilər. Ermənilərin öz gücünü bərpa etməmələri üçün onlara bundan artıq vaxt vermək olmaz.
Prezident İlham Əliyevin öz çıxışlarında dediyi kimi, ermənilərin işğal olunmuş ərazilərimizdən çıxması ilə bağlı qrafiki bizə təqdim etdiyi təqdirdə, davamlı atəşkəs və sülh barədə danışmaq olar. Belə bir qrafik təqdim olunmasa və Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, heç bir atəşkəsdən söhbət gedə bilməz.
Odur ki, Ermənistanı yaranmış vəziyyətdən yararlanaraq, geri çəkilməyə və işğal olunmuş əraziləri tərk etməyə çağırırıq. Əks halda, ermənilər 24 və ya 36 saatdan sonra Azərbaycan ordusunun yumruğunu yenidən öz başlarında hiss edəcəklər. Artıq torpaqlarımızın danışıqlar yolu ilə azad olunması siyasəti Azərbaycan üçün bitib. Bu siyasətə qayıdılması mümkün deyil. Bunu prezident İlham Əliyev və Türkiyənin Xarici İşlər Nazirliyi də dəfələrlə bəyan edib. Xalq da prezidentin bu məzmunda olan bəyanatlarını tam dəstəkləyir”.
Gülşən Şərif