Sərtləşən karantin rejimində yeni İŞSİZLİK DALĞASI: “Biznes ağır itkilərə məruz qalır” – Əkrəm Həsənov

“21 iyul-5 avqust tarixlərini əhatə edəcək sərt karantin rejimində işsizlik problemi yaşanacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə karantin rejiminin uzadılmasının insanların əmək fəaliyyətinə təsirlərini şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov qeyd edib ki, karantin rejiminin avqustun 1-nə qədər uzadılması əmək qabiliyyətli əhalinin işsiz qalacağı anlamına gəlmir:

“İşsizlik problemi yalnız 21 iyul-5 avqust tarixlərini əhatə edəcək sərt karantin rejimində yaşanacaq. Böyük ehtimalla, hökumət bu müddət ərzində işsiz vətəndaşlara müəyyən köməklik göstərəcək. İşləyən vətəndaşlar isə maaşlarını ala biləcəklər.

Eyni zamanda, banklar da Mərkəzi Bankın aprel ayında verdiyi tövsiyələrə əməl edərək, sentyabra qədər müştərilərin ödənişlə bağlı gecikmələrini qeydə almamalı və cərimə hesablamamalıdır. Lakin burada əsas problem ondan ibarətdir ki, banklar Mərkəzi Bankın tövsiyəsinə əməl etməyə meylli deyillər.

Ona görə də gecikməsi olan müştəriyə yenə də zənglər edilir, xəbərdarlıqlar olunur. Vətəndaşlara tövsiyə edirəm ki, pandemiya ilə əlaqədar ödəniş edə bilmədiklərinə dair banklara məktub yazsınlar və vəziyyətlərini izah etsinlər. Fikrimcə, banklar bu halda onlara güzəşt tətbiq edə bilər.

Bütövlükdə isə dövlət banklara maliyyə dəstəyi göstərməlidir. Çünki karantin rejiminin uzanması biznes üçün ağır itkilərə səbəb olur. Əhali banklar qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir və nəticədə problemli kreditlərin həcmi yenidən arta bilər”.

Gülşən Şərif