Sərxoş sürücülər 18 nəfərin ölümünə səbəb oldular

Azərbaycanda 2019-cu il ərzində baş vermiş bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yenicag.az xəbər verir ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış 3999,1 min inzibati xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qeyd edək ki, 2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olub. Onlardan 821-i həlak olub, 1702-si isə yaralanıb.