Bu günlərdə vaxtilə məşhur olan sənətkarlardan biri ilə danışıram, gileylənir ki, yaddan çıxmışam, efirlərə çağırmırlar, toylara dəvət etmirlər… Lakin vaxt var idi, efirlərdən düşmürdü. Ayın 30 gününü toylarda idi.
Səbəbini soruşuram, deyir, indi aparıcılar məndən qalmaqal, trendə düşən bayağı mahnı istəyirlər, mən də illərdir qazandığım hörmət-izzəti bir günün içində yerə vurmaq istəmirəm… Gündəmi olmayan müğənnini də toya apamırlar, efirə çağırmırlar…
Onu dinləyəndən sonra, sözün düzü, əvvəlcə aparıcıları qınadım. Fİkirləşdim ki, adam düz deyir, sənəti olmayanı qalmaqala çək, bayağı mahnı oxut, ortalıqda oynat, etdirdiyi bədən şəkilləndirmə əməliyyatının neçəyə başa gəldiyini soruş. Nə bilim, qadındırsa, uzaqbaşı başqasının ərini özünə necə məşuq etməsindən, kişi müğənnidirsə, dodağına-üzünə botoks vurdurmasından, qaşını aldırmasından danış… Səsi olan da oxusun, “üç badam, bir qoz” mahnılardan zövqü pas atan bu millətin də qulağının pası tökülsün.
Amma nə gizlədim, aparıcılarıdan da çox özünü şou-biznesə pərçim edən sənəti olan sənətkarları qınadım. Düşündüm ki, aparıcılarda heç bir günah yoxdur. Heç kimin başına tapança dirəyib, qalmaqala çəkmirlər. Sən özün də bu məsələdə “zəif”lik göstərməsən, heç kim səni nəyəsə məcbur edə bilməz. Məsələn, Xalq artisti Mənsum İbrahimov hər zaman efirlərdədir, yalnız oxuyur, sənətini nümayiş etdirir. Hələ bir dəfə görmədim, sənətdən başqa nədənsə danışsın. Heç kim də ona artıq-əskik sual da vermir. Yəni insan özünə hörmət etməlidir ki, başqası da ona hörmət etsin, məsafə saxlasın, verdiyi sualın fərqində olsun.
Sözüm digər sənət adamlarınadır. Bir zəhmət, hansı verilişə getdiyinizi, o verilişdə kimlərin olacağını bilin, sonra gedin. Məsələ burasındadır ki, səsi olan sənətkar da qalmaqal edir, şou yaradır, səsi olmayan bayağı müğənnilər də… Söyülür, tənqid olunur, bu, səsi olmayan müğənninin heç vecinə də deyil. Səsi olan sənətkar isə bir-iki günlük gündəmdə qalmaq naminə etdiyi şounun qarşılığında illərlə qazandığı hörmət-izzəti bir anın içində yerə vurur. Bax, fərq bundadır.
Bir sözlə, səsi olan oxusun, səsi olmayan da sevgilisindən, məşuqəsindən danışsın.