Səssiz gələn ölüm: Dəm qazından boğulma halları niyə artır? – EKSPERT RƏYLƏRİ

Son günlər ölkənin bir çox bölgələrində, xüsusən də paytaxt Bakıda, Şabran, İmişli, Ordubad, Siyəzən, Gəncə və Abşeron ərazilərində dəm qazından zəhərlənmə halları artıb. Son olaraq, Şabranda ana-bala, İmişlidə 3 nəfər ailə üzvü, Ordubadda isə ər-arvad, gəlinləri və qohumları dəm qazından zəhərləniblər.

Mütəxəssislərin rəyinə görə, bu hadisələrin əsas səbəbləri əhalinin məsuliyyətsizliyi, dəm qazı cihazlarının düzgün quraşdırılmaması və ilkin tibbi yardım barədə məlumatsızlıqdır.

Bəs, həyatımızı zəhərləyən bu bəlanın səbəbləri nədir? Vətəndaş məsuliyyətsizliyi, istifadə etdiyimiz qazın tərkibinin təmiz olmaması, cihazların yararsızlığı, yoxsa əlaqədar qurumların əməkdaşlarının səhlənkarlığı?

Məsələ ilə bağlı Yenicag.az-la söhbətində “Azad İstehlakçılar Birliyin”in sədri Eyyub Hüseynov bildirib ki, zəhərlənmələrin səbəbi qazdan istifadə zamanı insanların davranışlarının düzgün olmaması və davranış mədəniyyətinin aşağı olmasıdır.

O, qazın tərkibində dəyişiklik nəticəsində zəhərlənmə hallarının baş verdiyi barədə heç bir məlumatın olmadığını evlərə verilən qazın standartlara uyğun olduğunu vurğulayıb.

E. Hüseynov həmçinin halların qarşısının alınmasının başlıca yolunun istehlakçılarla maarifləndirmə işlərinin aparılmasında olduğunu bildirib.

Toksikologiya üzrə mütəxəssis, doktor Azər Maqsudov isə zəhərlənmələrin qarşısını almaq üçün ən optimal üsulun vanna otaqlarında detektor adlanan qurğuların quraşdırılması olduğunu söyləyib:

“Dəm qazından zəhərlənmə ilk 20-25 dəqiqə ərzində baş verir. İlk əlamətlər baş ağrısı, başda gicəllənmə, hava çatışmazlığı və ürəkbulanma halları olur. Bu zaman şəxs heç bir reaksiya verə bilmədiyindən kömək çağıra bilmir. Zəhərlənmələrin qarşısını almaq üçün ən optimal üsul vanna otaqlarında detektor adlanan qurğuların quraşdırılmasıdır”.

Onun sözlərinə görə, bu qurğular sızma olarkən xəbərdarlıq xarakterli işarə verirlər:

“Dəm qazından zəhərlənmə hallarının artması bir çox hallarda baş verir. Əsas səbəblər kimi “dımaxod” adlanan bacaların düzgün işləməməsi, ventilyasiya sisteminin olmaması, küləyin nəticəsində dəm qazının otağa daxil olması və s. ola bilər. Dəm qazı iysiz olduğu üçün hiss olunmur və bir müddətdən sonra qanda hemoqlobinin səviyyəsi o qədər aşağı düşür ki, beyin üçün lazımi oksigen çatdırıla bilmir. Vaxtında olunmaya müdaxilə zamanı insan həyatını itirir. Mən dəm qazını ucuz ölüm adlandırardım. Əsas problemlərdən biridə cihazların texniki standartlara cavab verməməsidir”.

Leyla Fərzəliyeva