Reklam: High Technic
hightechnic

Səssiz yazar, “plastilin adam”, yuxusuz müəllif, 6 yaşlı uğur - REPORTAJ

““Publika.az” təzə yarananda bütün təbəqələrin diqqətini çəkəcək sayt kimi nəzərdə tutulmuşdu. Uzun müddət də bu cür fəaliyyət göstərdi. Çox sadiq oxucu kütləsi toplaya bildi. İndi də əsas istiqamət odur, amma fəaliyyət istiqamətində bəzi ciddi dəyişikliklər edilib. Xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı. Biz hiss elədik ki, diasporumuz, onların fəaliyyəti ilə bağlı bizim KİV-lərdə yetirincə məlumat getmir. Gedən məlumatların əksəri də press-reliz materiallarıdır. Düşündük ki, xaricdə Azərbaycan naminə iş görən insanların xalqa tanıdaq. Elə insanlarla ünsiyyət qurduqca, onlar haqqında material hazırladıqca elə insanlarla tanış olduqca qürur hiss keçirdik. Azərbaycanı xaricdə tanıtdıracaq, necə deyərlər, pasport kimi insanlarımız var. 2018-də bunu düşünmüşük, əsas gücü bu istiqamətə yönəltmişik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Lent.az-a bu gün yaranmasının 6 illiyi qeyd edən “Publika.az” saytının baş redaktoru Bəxtiyar Əlirzayev deyir. Bu münasibətlə “Publika”nın redaksiyasına baş çəkdik. Həm onları təbrik etdik, həm də reportaj hazırladıq.

Sayt Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı sənədli filmlər hazırlayır. Yaxın günlərdə silsilə şəklində həmin videoları təqdim edəcəklər.

Söhbətimizə saytın stajlı müxbiri Ömər Əmirovla davam edirik.

– Dünyada vəziyyəti çox pisdir. İldən-ilə də daha da acınacaqlı vəziyyət alır. Əsas Suriya ilə bağlı narahatlıq var. Ukrayna ilə də vəziyyət yaxşı deyil. Qərblə Rusiya arasında bir çox məsələlərdə ziddiyyət var. Bir çox münaqişələrin həll edilməməsi məhz bu ziddiyyətlə bağlıdır. Ümid edirik ki, bu il düzələr.

Danışdığından da bəlli olduğu kimi beynəlxalq siyasətdən yazır. Sayt yaranandan bir ay sonra kollektivə qatılıb. Hazırda Suriya ilə bağlı material işləyir. Güclə eşidiləcək səslə danışır.

– Həmişə belə sakit danışırsınız?

– Xarakterim belədir. Az danışanam.

Gülxar replika atır:

– Hələ çox danışdı.

Baş redaktor Gülxarın fikrini tamamlayır:

– Elə olur, gün ərzində bir cümlə işlətmir.

(Gülürük)

Gülxar Şərif zərif, qarabəniz, mehriban qızdır. Öz aralarında ona saytın “yeriyən ayağı” deyirlər. Əsasən sosial sahədən yazır. Deyir, amma hadisə varsa, ondan da yazır.

– Bəzən kriminal hadisələrin sosial tərəfini də araşdırıram. Hadisə olubsa, dərhal həmin yerə gedirəm.

“Publika”ya yarandığı ildən gəlib. Ona qədər isə “Olaylar” qəzetində çalışıb. Sayt haqqında səmimi fikirlərini bölüşür:

– Kimdən soruşsanız, öz kollektivini tərifləyir. Heç kim pis deməz. Amma doğrudan da “Publika”nın kollektivi mehribandır. Aramıza təzə qatılan heç burada özünü yad hiss etmir. İmkan vermirik ki, aramızda sıxılsınlar.

Gülxarla Könül silahdaşdırlar. Hər ikisi sosial sahədən yazırlar. Könül Cəfərli kollektivə son illərdə qatılanlardandır. Yeni qatılsa da işini tam mənimsəyib.

– Artıq bir ildir ki, burada işləyirəm. Tələbə vaxtı bəzi mətbu orqanlarda çalışıb təcrübə toplamışam.

Könül Cəfərli Təfəkkür universiteti 2015-ci ildə bitirib.

– Təzə gələndə birbaşa Bəxtiyar müəllimlə işləyirdim. Xəbərin incəliklərini ondan öyrənmişəm. Qalanını da işlədikcə öyrəndim. Jurnalistikanın nəzəriyyəsini universitetdə öyrənmişdik, praktikanı da işlədikcə öyrəndik. Çətin deyil, öyrənmək istəyən öyrənir.

Hazırda respublikanın baş nefroloqu Mehman Ağayevlə müsahibəsini kompüterə köçürür.

– Baş nefroloq nə deyir?

– Deyir, vəziyyət ürəkaçan deyil. İnsanlarda böyrək çatışmazlığı xəstəlikləri artıb. Bununla bağlı tövsiyələrini verib…

Bu qədər. Qalanını müsahibə saytda dərc olunanda oxuya biləcəyik.

Saytda iki Könül var. Biri müxbir, digəri redaktor. Redaktor Könül Şövqatova işdə olmadığından, təəssüf ki, görüşə bilmədik.

“Publika”nın qucaq açdığı müxbirlərdən biri də Zümrüd Kərimovadır. 10 aydır ki, kollektivə qatılıb. İdmandan yazır.

– İdmandan, əsas da futboldan yazıram.

Deyir, onu daha çox futbol meydançasında görə bilərik. “Qarabağ”ın sadiq azarkeşidir.

– Əsas futboldan yazıram. Oyunları canlı izləməyi sevirəm. Amma jurnalist kimi yox, azarkeş kimi. Çempionlar Liqasının Bakıda keçirilən hər 3 oyununda olmuşam. “Qarabağ”ın azarkeşiyəm. Azarkeşlərin arasında olanda xarici azarkeşlərdən müsahibə almaq imkanım olur.

Redaksiyanın son beşiyi Ulucaydır. Ulucay Akif. Mədəniyyətdən yazır.

– Tək Azərbaycan mədəniyyətindən yazmıram. Bizdə bu sahə o qədər də aktiv deyil. Dünya mədəniyyəti, xüsusən də ədəbiyyatına yer ayırıram. Tamaşalardan reportaj hazırlayıram, köşə yazıram. Təzə gəlmişəm deyə hərədən nəsə öyrənirəm.

Ulucay BDU-nin jurnalistika fakültəsini bitirib. Hazırda həmin ixtisas üzrə magistr təhsili alır.

– Bu günə qədər sərbəst yazar kimi fəaliyyət göstərmişəm. Qonorarla müxtəlif KİV-lərdə əməkdaşlıq etmişəm.

– Jurnalist olmaq çətindir, ya yazıçı?

– İkisini bir yerdə eləmək. Yazıçı olanda jurnalistliyin təsirini hiss edirsən. Çalışırsan təxəyyülünə yer verməyəsən. Realist olasan. Yazıçı uzunçu ola bilər, amma jurnalist lakonik olmalıdır. Kənardan oxşar görünsə də, ziddiyyətlər çoxdur.

Səfiyar Məcnun “Publika”nın fotoqrafıdır. Ulucayla işə eyni gündə başlasalar da onu bir neçə saat qabaqlayıb. Ona həm də redaksiyanın gülən üzü də demək olar. Hər sözün ucunu zarafata calayır, deyib-gülür. Onunla kollektiv heç vaxt darıxmaz.

– Fotoqrafam, çox yaxşı insanam.

Gülürük.

– Dünən gəlsəydiniz, saqqallı görəcəkdiniz. Stress atmaq üçün saqqalımı qırxdım. Plastilin adamam. Bütün qəliblərə sığıram. Sizlə siz ola bilirəm, onunla o.

1 aydan çoxdur ki, “plastilin adam” “Publika” üçün çəkir.

– Çəkilişdə ən çox məni Ulucay incidir. Tədbirə gedəndə deyir, onu da çək, bunu da çək. O qədər “çəkəcəm” – deyib çəkməmişəm heç xəbəri də olmayıb (gülür).

Təbii ki, bunlar hamısı zarafatdır. Səfiyar işinə məsuliyyətli yanaşan fotoqrafdır. Zümrüd onun çəkdiyi fotoları tərif edə-edə bitirə bilmir.

– “Publika”ya gələndən 3 fotoqrafla işləmişəm. Ən rahat, ən səmimi, ən yaxşı fotoqraf Səfiyardır. Həqiqətən də çox istedadlıdır. Reportaja gedəndə düşünürük ki, reportajı necə yazaq ki, Səfiyarın fotoları yazımızı üstələməsin.

Redaksiyanın maraqlı simalarından biri də Leyla Sarabidir. Mədəniyyətşünasdır. Təhsilini Fransada alıb. Fransız, ingilis, rus, türk və Azərbaycan dillərini mükəmməl bilən Leyla əsasən xaricilərlə işləyir. Azərbaycan mediasında Qorbaçovun 40 illik tərcüməçisi Pavel Poloşenkodan müsahibə almış ilk jurnalist odur. “Publika”nın eksklüziv müsahibələrin altında onun imzasını görə bilərsiniz.

– Avropa Parlamentinin baş tərcüməçisindən müsahibəni Azərbaycanda ilk mən almışam.

Daha çox sadalamaq olur. Sadəcə yadına düşənlər bunlardır.

Bayaqdan səsi çıxmayan Aytənə yaxınlaşırıq. Əliməmmədova Aytən saytın “Tabloid” bölməsini işləyir. Gözünü dikib kompüterin ekranına. Nəsə fikirlidir.

– “Tabloid” bölməsi daha çox qadınları maraqlandırır. Burada sağlamlıq, gözəllik, hamiləlik, uşaqlara qulluğa dair hər şey tapmaq olur. Üstəlik, maraqlı müsahibələr.

Əlqərəz, tanınmış sənətçilərlə müsahibələrdən tutmuş şou-biznesə qədər hər şey var.

– Eldar Mansurovun 66 yaşı tamam olur. Bu münasibətlə ondan müsahibə almışam. Siz yaxınlaşanda müsahibəyə maraqlı başlıq axtarırdım. Mansur müəllim bərk-bərk tapşırıb ki, şok-şok başlıq olmasın.

Aqil Lətifov 3 ildir ki, “Publika”da redaktor vəzifəsində çalışır. Bura qədər müxtəlif KİV-lərdə işləyib. “Gündəlik Teleqraf” qəzeti bağlandıqdan sonra “Publika”ya keçib.

– “Gündəlik Teleqraf” da bu rejimlə işləyirdi. Amma qəzetdə saytdakı kimi operativlik tələb olunmur. Zamanla uyğunlaşdım.

Redaksiyada olmayan əməkdaşlarından biri də Asif Nərimanlıdır. A. Lətifov onu ağır arteriya, Bəxtiyar Əlirzayev isə “Publika”nın sütunu adlandırır.

Reportajımızı bitirib çıxırdıq ki, Kəramət Böyükçöl otağa girir. B. Əlirzayev onu göstərərək:

– Kəramət “Publika”nın kənar müəllifidir.

Oğlu Barışın bütün gecə onu yatmağa qoymamasından şikayət edən Kəramət yuxulu və yorğun səslə qısa danışır:

– Gündüz ata işləyirəm, gecə ana (gülür). Aynur xanım mənə rejim azadlığı verib. Əsas yazıları vaxtlı-vaxtında verməkdir. Tək “Publika” üçün yox, “Teleqraf Holdinq”ə daxil olan digər saytlar üçün də işləyirəm. Materiallara çəkdiyim əziyyətin əvəzində aya bir roman yazmaq olar. 300-350 səhifəlik. Aya azı 10 müsahibə hazırlayıram. Elə yazım olur, qonorar xətrinə yazıram, eləsi də olur içimin yazılarıdır. Onları yığıram ki, nə vaxtsa roman yazası olsam, lazımım olacaq.

Kəramətlə söhbəti bitirib, reportajımıza da nöqtə qoyuruq.

Başda “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal olmaqla, bütün “Publika”çıları Yenicag.az adından təbrik edirik, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

www.yenicag.az

1319