Səudiyyə Ərəbistanı İranda terrorçulara dəstək verir – İTTİHAM

Səudiyyə Ərəbistanı İrandakı terrorçulara dəstək verməkdə günahlandırılıb.

Yenicag.az Reuters agentliyinə istinadən xəbər verir ki, belə bir ittihamla İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

“Səudiyyə Ərəbistanının İranın şərq hissəsində, Belucistanda məskunlaşan terror qruplaşmasına fəal dəstək verməsinə dair kəşfiyyat məlumatları var”, -deyə nazir bildirib.

Xatırladaq ki, iyunun 7-sində qadın libasında olan 4 nəfərlik qrup İranın parlament binasına atəş açıb. Daha sonra terrorçulardan biri özünü partladıb. İran Daxili İşlər Nazirliyi terrorçulardan birinin məhv edildiyini təsdiqləyib. Həmçinin, İmam Xomeyni türbəsinə də hücum olunub. hücum edənlərdən biri özünü partladıb. Türbədə güc strukturları 2 nəfəri saxlayıblar. Terror aktları nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.

2016-cı ilin yanvarında Ər-Riyadla Tehran arasında diplomatik münasibətlər kəsilib. Münasibətlərin pozulmasına səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Yenicag.az