Bu gün Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının baş direktoru Abdulla Al Vaşminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi ziyarət çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub.
Yenicag.az xəbər verir ki, BAAU-nun rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin uğurları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini bildirib.
Abdulla Al Vaşmi isə çıxışı zamanı Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının dünyada ərəb dilinin təbliği və tədqiqində mühüm rol oynadığını vurğulayıb.
Sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Ülviyyə Hüseynova mərkəzin fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi beynəlxalq konfranslar, seminarlar, tələbə mübadilə proqramları və ərəb dili üzrə təlimlər haqqında məlumat verilib.
Təqdimatdan sonra nümayəndə heyəti və universitet rəhbərliyi tərəfindən Ərəbşünaslıq Mərkəzinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Sərgidə Azərbaycan ziyalıları və abidələrinə aid rəsmlər nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Abdulla Al Vaşmi və Səyavuş Qasımov tərəfindən gələcək əməkdaşlıq istiqamətləri barədə yeni razılaşmaların imzalanacağı bildirilib.