Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi iş yerinə qayıtmaq üçün bu günə bilet aldığı təyyarəyə minməyib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı günü ölkəsinə gedən konsulun oktyabrın 18-də geriyə dönüş bileti olub. Onun təyyarəsi Səudiyyə Ərəbistanından yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) uçmalı idi, lakin diplomat təyyarədə olmayıb.
Məhəmməd əl Uteybi Türkiyəni oktyabrın 16-da Atatürk beynəlxalq aeroportundan saat 17:00-da uçan reyslə tərk etmişdi. Həmin gün türkiyəli müstəntiqlər jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar təhqiqat çərçivəsində onun iqamətgahında axtarış aparmalı idilər. Axtarış yalnız oktyabrın 17-də axşam saatlarında baş tutub.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu əvvəlcə Krallığın İstanbuldakı baş konsulluğunun binasına baxış keçirib, daha sonra konsulun iqamətgahında axtarış aparılıb.
Associated Press agentliyinin və bir sıra digər KİV-lərin məlumatına görə, jurnalist diplomatik missiyanın binasında öldürülüb və Türkiyə polisinin əlində bunu təsdiqləyən dəlilər var. Ər-Riyad isə Kaşıkçının konsulluqda öldürüldüyünü hələ də təkzib edir.
Hazırda Türkiyə tərəfi istintaq tədbirlərini həm diplomatik nümayəndəlikdə, həm də daha üç bölgədə, o cümlədən İstanbuldakı Belqrad meşəsində və Yalova vilayətində davam etdirir. Bu rayonlarda araşdırma aparılması qərarı konsulluğun avtomobillərinin hərəkəti haqqında məlumatlar əsasında qəbul olunub.