!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanından Azərbaycana çarter reysləri açıldı

!Reklam – Yazi

Bu gün Səudiyyə Ərəbistanıın əl-Qasim vilayətindən Bakıya təşkil olunan çarter reyslərinin ilk uçuşu baş tutub.

Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Go Hawa Travel and Tourism” şirkəti bu il ilk dəfə olaraq Krallıqdan Azərbaycana çarter reyslərinin təşkil edilməsinə nail olub.

“Azərbaycan Hava Yolları” aviaşirkəti və “Go Hawa Travel and Tourism” şirkətinin çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslərin yay uçuş qrafiki üzrə iyunun 16-dan avqustun 31-nə kimi davam edəcəyi bildirilir.

“Go Hawa Travel and Tourism” şirkətinin prezidenti Abdulmajed Saleh Alkhader açıqlamasında Krallıqda Azərbaycana qarşı böyük rəğbətin olduğunu və məhz buna görə də çarter reyslərinin təşkil olunduğunu bildirib:

“Mən özüm şəxsən bir neçə dəfə Azərbaycana gəldikdən sonra bu ölkəyə çarter reyslərinin təşkil olunmasının məqsədəuyğun olacağını düşündüm. Çünki Azərbaycanın belə bir təbiətə malik olması ölkəmizdən gələn turistlər üçün bu ölkəni əvəzolunmaz edir.”

Bureydə şəhərindən gələn turistlərdən Muhəmməd İbrahib açılan bu reyslərin Səudiyyə Ərəbistanından gələcək olan turist sayının kəskin çoxalmasına səbəb olacağını bildirib:

“Bizim oralarda Azərbaycan deyildikdə insanların ağlına çox yaxşı şeylər gəlir. Azərbaycan istər xalqı, istər mədəniyyəti, istər təbiəti və istərsə də mətbəxi baxımından səudiyəlilər üçün prioritet təşkil edir. Asanlıqla deyə bilərim ki, biz Avropaya getdiyimiz zaman özümüzü bu qədər rahat hiss edə bilmirik. Açılan bu reyslər səfər müddətini demək olar ki, 70 %-ə qədər azaldır. Bu isə turistlərin Azərbaycana gəlməsinin qarşısında olan əsas maneələrdən birinin aradan qaldırılması deməkdir.”

Süleyman Abdurrahman adlı bir digər turist isə ölkəmizlə bağlı ilk dəfə turizm şirkətindən məlumat aldığını deyib. Daha sonra internet vasitəsilə Azərbaycanla bağlı məlumatlarla tanış olub və ölkəmizə gəlmək qərarına gəlib. İlk dəfə Azərbaycana gəlməsinə baxmayaraq Süleyman Bakının tarixi yerlərini, Qəbələni və Qubanı gəzmək istədiyini deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında, Türkiyədə və Dubayda şöbələri olan “Go Hawa Travel and Tourism” şirkəti dünyanın bir sıra ölkələrinə uçuş xidmətlərinin təşkil olunması ilə məşğuldur.

Şirkətin Azərbaycan filialı “GoBai Travel and Consulting service” isə müştərilərə otel və transport xidmətləri göstərir. Bundan başqa şirkət investorların Azərbaycana cəlb olunması, investisiya mühitinin formalaşdırılması və biznes layihələrinin planlaşdırılması xidmətlərini də təklif edir.

Şirkətin təşkil etdiyi çarter reysləri isə hələlik əl-Qasim və Ciddə reyslərini əhatə edir. əl-Qasim vilayətindən Bakıya birbaşa reys hər həftənin cümə axşamı günü, Ciddədən isə hər həftənin şənbə günü həyata keçirilir.

əl-Qasimdən Bakıya təyyarələrin uçuş müddəti 2 saat 50 dəqiqə, Ciddədən isə 3 saat 40 dəqiqədir.

Bundan öncə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlər bir sıra çətinliklərlə qarşılaşırdılar. Çünki Sudiyyə Ərəbistanından Bakıya uçan təyyarələrin uçuş müddəti gözləmə müddəti ilə birlikdə 10-18 saat, bəzən isə daha çox çəkirdi. Turistlər ya İstanbuldan, ya da Dubaydan tranzit olaraq ölkəmizə gəlirdilər.

Şirkətin Azərbaycandakı nümayəndəsi “GoBai Travel and Consulting service”-in rəhbəri Nicat Quliyev isə layihə ilə bağlı bunları deyib:

“Bildiyimiz kimi son illərdə ərəb ölkələrindən xüsusən də Səudiyyə Ərəbistanından ölkəmizə ciddi şəkildə bir turist axını var. Lakin Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında birbaşa uçuşların olmaması turist axınına müəyyən mənfi təsirlərini göstərirdi. Ona görə də Bakı-Ciddə reysinin açılışı mühüm hadisədir. İndi turistlər digər ölkələrdən tranzit olaraq deyil, birbaşa Ciddədən Bakıya asanlıqla gələ biləcək, eyni zamanda Azərbaycandan da Səudiyyəyə rahat şəkildə səfər edə biləcəklər. Səudiyyə Ərəbistanı, turizm bazarı ən böyük potensiala malik turizm bazarı hesab olunur. 30 milyona yaxın əhalinin 50 faizi hər il turist səfərlərinə çıxır. Əsas hədəfimiz Azərbaycanı Səudiyyədən olan turistlər üçün ilk seçiləcək istiqamətə çevirməkdir. Ölkələr arasında birbaşa uçuşların təşkil olunması buna öz yüksək töhfəsini verəcəkdir.”

Onu da bildirək ki, “GoBai Travel and Consulting service”-in çarter reysləri təkcə Səudiyyə Ərəbistanından Azərbaycana deyil, hər iki istiqamətdə fəaliyyət göstərir.

www.yenicag.az

1987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv