Səudiyyə Ərəbistanından böyük ayıb: PKK-ya 100 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı İŞİD-dən azad edilən və hazırda PKK terrorçularının nəzarətində olan Suriyanın şimal-şərq bölgələrinin bərpasına irihəcmli maliyyə yardımı ayırıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralının 100 milyon dollar maliyyə yardımı ayırdığı həmin bölgələr və Rakka şəhəri PKK-nın Suriya qolu olan YPG-nin nüvəsini təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir.

Məlumata görə, bu barədə bəyanat İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın iyulun 12-də Brüsseldə keçirilmiş toplantısında verilib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı Suriyanın İŞİD-dən azad edilmiş şimal-şərq ərazilərinin bərpasına 100 milyon dollar ayırmağı vəd edib.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyinin bu barədə yaydığı bəyanatda bildirilib ki, ayrılan 100 milyon dollar Suriyanın bərpasına və İŞİD-in yenidən baş qaldırmasını əngəlləməyə sərf olunacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Heder Noert Ər-Riyadın bu jestini “comərdlik” kimi qiymətləndirib və beynəlxalq koalisiya üzvlərinin Suriyanın bərpası üçün verdikləri ianələrin miqdarının 300 milyon dollar civarında olduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanının Suriyaya (əslində isə terrorçu PKK-ya) ayırdığı 100 milyon dolların həmin regionda kənd təsərrüfatı və təhsilin inkişafına, o cümlədən dağıntıların aradan qaldırılmasına sərf olunacağı bildirilib.

Ər-Riyadın Rakka məsələsində ABŞ və YPG ilə eyni mövqedə dayanmağı yenilik sayılmır.

Səudiyyə Ərəbistanının körfəz işləri üzrə naziri Samir əs-Səbhan 2017-ci ilin oktyabrında ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Brett MakQark ilə Rakkanın Ayn İsa bölgəsini ziyarət etmişdi.

Səudiyyə Ərəbistanından başqa, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də Rakkanın bərpasına 50 milyon dollar ayıracağını bəyan edib.

COP29