Səudiyyə Ərəbistanı taxt-tacının yeni vəliəhdi özününi ilk rəsmi açıqlamasında Rusiyanı hədəfə alıb.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salmanın yeni varisi – 31 yaşlı şahzadə, eyni zamanda, Krallığın müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud Rusiyanı ölkəsi üçün əsas təhlükə kimi xarakterizə edib.
Məlumata görə, keçirtdiyi brifinqdə Moskvanı terroru dəstəkləməkdə günahlandıran vəliəhd Rusiyanı “üç günə məhv etmək” gücündə olduqlarını bəyan edib.
ABŞ prezidenti Donald Trampın Səudiyyə səfərindən sonra Ər-Riyadın Qətərə qarşı kampaniyaya başlaması, ardınca isə vəliəhdin Rusiyanı hədələməsi Vaşinqtonun Yaxın Şərqdə yeni planlarının “anons”u kimi qiymətləndirilir.
Bu barədə Yenicag.Az-a açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, Səudiyyə şahzadəsinin bu bəyanatı ABŞ-ın, o cümlədən, Səudiyyə ilə İsrailin Rusiyanı Yaxın Şərqdən birdəfəlik vurub çıxartmaq niyyətinin ciddiliyini göstərir:
“Əslində, vəliəhddən əvvəl Səudiyyənin təhlükəsizlik xidmətinin rəisi də Rusiya əleyhinə kəskin fikirlər səsləndirmişdi. İndiki halda bu bəyanatların əsasən, İranla bağlı olduğunu qeyd edə bilərik.
Çünki Rusiya və İran Yaxın Şərq proseslərində, xüsusilə İraq və Suriyada baş verən hadisələrdə birgə hərəkət edərək, Səudiyyənin regiondakı iddialarının gerçəkləşməsinə mane olurlar.
O baxımdan, Səudiyyə şahzadələri özlərinin əsas düşməni olaraq gördükləri İranı birmənalı şəkildə dəstəkləyən Rusiyanı belə açıq şəkildə hədəfə götürüblər. Doğrudur, kral Salmanın özü Səudiyyə ilə Rusiya arasında əməkdaşlığın mümkünlüyünü bəyan etsə də, görünür, vəliəhdin mövqeyi bu yanaşmanın fövqündədir.
Sözsüz ki, Səudiyyə vəliəhdinin Rusiyanı təhdid etməsi qeyri-ciddi hərəkətdir. Ancaq regional proseslərə nəzər saldıqda açıq görürürk ki, Ər-Riyad ABŞ və İsraildən cəsarət alaraq, Rusiyaya hədə-qorxu gəlir.
Bu, həm də onu göstərir ki, ABŞ və İsrail Rusiyanı Yaxın Şərqdən vurub çıxartmaq planının həyata keçirilməsi ilə daha ciddi surətdə məşğul olmaq niyyətindədirlər”.
A.Zeynalov
Yenicag.Az