!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevda Yəhyayevadan İNANILMAZ SÖZLƏR: “Ailə qurdum, uşağım oldu, sonra da...”

!Reklam – Yazi

Son vaxtlar müğənnilikdən çox aktrisalıq fəaliyyəti ilə gündəmi bir-birinə vurdu. ATV-də yayımlanan “Sən olmasaydın” adlı serialda taleyi keşməkeşlərlə dolu olan, başı daşdan-daşa dəyən, ailə qurub, boşanan bəxtsiz qadın obrazını yaratdı.

Müğənni Sevda Yəhyayevanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Sevda, özünü aktrisa kimi də sınadın. ATV-nin efirində yayımlanan “Sən olmasaydın” adlı serialda Aynur obrazınla çox sevildin. Dəvət rejissordan gəldi, yoxsa, öz təşəbbüsün idi?

– Əslində, əvvəldən arzum olub ki, hansısa filmə və ya seriala çəkilim. Sözün düzü, istəyirdim özümü aktrisa kimi də sınayım, içimdə olan potensialımı üzə çıxarım. Yəni insanlar məni bu tərəfdən də tanısınlar. Sağ olsun, Yaşar Əhmədovun rejissorluğu və prodüserliyi ilə “Sən olmasaydın” serialında maraqlı bir rol aldım.

– Subay, ailə təcrübəsi olmayan Sevdanın ailəli xanım olan Aynur obrazında çıxış etməsi çətin olmadı ki? Həm də aktrisa kimi bu, sənin ilk işin idi axı.

– Obraz mənə çox maraqlı gəldi. Həyatda yaşamadıqlarımı serialda yaşamalı oldum. Ailə qurdum, uşağım oldu, sonra da boşandım, həyatım keşməkeşlər içində keçdi. Deyə bilmərəm ki, peşəkar aktrisalar kimi çox möhtəşəm idim, amma hesab edirəm ki, bu iş məndə alındı.

– Rejissor oyun tərzini bəyəndi?

– Açığı, onlar da mənim belə təbii oynayacağımı gözləmirmiş. Çünki rejissor mənə dedi ki, oyun tərzin çox xoşumuza gəldi, biz aktrisa kimi bu qədər qabiliyyətli olacağına əmin deyildik.

– Bəs tamaşaçıların fikri necə oldu səncə? Sosial şəbəkədə ünvanına daha çox irad bildirdilər, yoxsa xoş sözlər yazdılar?

– Bəyənənlər də oldu, irad tutanlar da.

– Nəyə irad tuturdular ki?

– Bəziləri yazdılar ki, aktrisalıq səndə alınmadı, elə müğənni olsan yaxşıdır. Əlbəttə hamı məni bəyənmək məcburiyyətində deyil.

– Maraqlıdır, səni ifritə, əxlaqsız bir qadın obrazına dəvət etsələr, razılaşarsan?

– Açığını deyim ki, kənardan asan görünsə də, serialboyu bu işin çətinliyini anladım. Bəlkə də nə vaxtsa, yenidən filmə, ya da seriala çəkilərəm. Amma indidən qərar verə bilmərəm ki, belə bir obrazda oynaya bilərəm ya yox. Yəqin bunu zaman göstərər.

– Bilirsən, niyə məhz belə bir obrazda oynayacağını soruşdum, çünki həyatda çox utancaqsan….

– Bu, mənim təbiətimdir, yəqin ki, başqa cür olmağım mümkün deyil. Amma sakit görünməyimə baxmayın, hərdən özümdən çıxdığm anlar da olur, onda özümü tanımıram.

– Hansı hallarda özündən çıxa bilirsən?

– Daha çox iş prosesində olur.

– Sən də, bəzi həmkarların kimi depressiyaya düşəndə hər kəsdən təcrid olunub, aylarla özünə qapanırsan?

– Şükr, mən belə deyiləm. Adam var, həyatında qarşılaşdığı neqativ hadisələrdən sonra depressiyaya düşür, aylarla çıxa bilmir. Adam da var, çox rahatlıqla stresdən azad ola bilir. Mən pozitiv insanam, həyata optimist və real baxıram. Özümə çox inanıram.

– Hələ subaylığın daşını atmaq fikrində deyilsən?

– Şəxsi həyatım barədə danışmağı xoşlamıram. Bunu siz də bilirsiz. İstəmirəm belə şeylərlə gündəmə gəlim. Amma bir onu deyə bilərəm ki, təki xeyir iş olsun.

– Bir dəfə mənə müsahibə verəndə demişdin ki, xarici ölkələrdən də sənə elçi düşənlər var… Elçilərin sayı azalmayıb ki?

– Hə, onlar mənə sosial şəbəkədə yenə yazırlar. Bütün xanımlara, bəylərə və özümə xoşbəxtlik arzulayıram.

– Cavab yazırsan onlara?

– Yox, amma xətirlərinə də dəymirəm. Onlar mənə yazırsa ki, səndən xoşum gəlir, niyə buna görə qəlblərini qırım ki? Amma eləsi də olur, nə yazdığını başa düşmürəm. Çünki öz dillərində yazırlar.

– Kinlisən?

– Yox, mən kimdən küssəm-incisəm də barışdımsa, daha o söhbətə qayıtmıram.

– Birinci addım kimdən gəlir?

– Elə ola bilər ki, mən atım, yaxud da həmin adam. Baxır bu incikliyi yaradan səbəblərə. Elə adam olur, mən özüm onun addım atmasını gözləyirəm.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv