!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevgi, nifrət, xəyanət labirinti - “Keçmişin lənəti” hamını çaş-baş salacaq - Fotolar + Video

!Reklam – Yazi

“Keçmişin lənəti” adlı yeni serialın çəkilişlərinə start verilib. Yeni mövsümdən etibarən Lider TV-də yayımlanacaq serialın rejissoru Pəyyam Raqifoğlu, ssenari müəllifi Elvin Qafarovdur. Hazırda serialın promo versiyası izləyicilər üçün sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, baş rollarda Elşad Məhərrəmov, Şəbnəm Pənahova, Məhbubə Fətəliyeva, Məhəmməd Mübariz, Nübar İmamquliyeva, Toğrul Musa, Səddam Mustafayev, Səkinə Seyidova, Taleh Mahmudov, Günay Kəlbəcərli, Vüqar Quliyev, Toma Hüseynova və başqaları çıxış edirlər.

Yaradıcı heyət serialla bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb.

Rejissor Peyyam Rafiqoğlu yerli serial bazarında reytinqləri dağıdacaqlarını vəd etdi:

“Bu tamam fərqli bir serial olacaq. Çox güclü bir ssenari əsasında çəkilir. Bütün obrazların öz xətti var və hadisələr də həmin xətt üzrə cərəyən edəcək. Tamaşaçı hər an çaş-baş qalacaq. Demək olar ki, reytinqləri dağıdacağıq. Aktyor seçimi tam fərqli qaydada aparılıb, peşəkarlar yoxdur. Yeni simalar var və hər biri ayrı-ayrılıqda güclü potensiala malik uşaqlardır. Hamı serialda öz ləhcəsiylə danışacaq. Məqsədimiz həm də Azərbaycanı sevdirməkdir”.

Serialın ssenari müəllifi Elvin Qafarovun ekran işi ilə bağlı fikri qısa və konkret oldu:

“Dram janrında çəkilən serialın süjet xətti biznesmen ailəsinin başına gələn hadisələrdən ibarətdir. Bütün səhnələr sarkazm və dinamika üzərində qurulub. Tamaşaçı bu seriala baxanda daha çox düşünəcək. Serialda labirintdən istifadə olunacaq”.

İkinci rejissor Cinarə Vahabzadə isə danışmaqdan çox iş görməyə üstünlük verənlərdəndir:

“Nə danışım? Əsas olan işimizdir. Bu komanda ilə uğurlu bir seriala imza atacağımıza əminəm”.

Elşad Məhərrəmov Cavad Afşar obrazını canlandırır. Qeyd edək ki, Elşad model kimi fəaliyyət göstərir, indiyə qədər müxtəlif reklam çarxlarında çəkilib. Bu obraz onun serialda ilk işidir:

“Cavad Afşarın böyük qardaşı ailə biznesini iflasa uğradır. Mən – yəni Cavad Afşar Fransada yaşayan azərbaycanlıyam. Qardaşımın səhvini düzəltmək, yəni biznesi böhrandan çıxartmaq üçün Azərbaycana qayıdıram. Onu da deyim ki, serialda həyat yoldaşım rəhmətə gedib, amma qarşıma sevdiyim qadın çıxır. Serialda sevgi, nifrət, xəyanət bir-birini əvəzləyir. Onu da deyim ki, ekran işində demək olar ki, hər kəs mənim əleyhimədir. Olduqca maraqlı bir serialdır. İnanıram ki, bu ekran əsəri tamaşaçını ekrana kilidləyəcək”.

Şəbnəm Pənahova serialda baş rolları – Şəfa və Vəfa bacılarını canlandırır:

“Çətin və məsuliyyətli işdə özümə və kollektivimizə güvənirəm. Bu bacılarda özümə yaxın olan xüsusiyyətlər də var: inad və əzmkarlıq kimi. Bu bacılar Əfşar ailəsinin cəhənnəmi olacaq”.

Toğrul Musa Rəhman obrazını canlandırır. Dediyinə görə, bu, onun film, serial sahəsində ilk işi olmasına baxmayaraq, çox iddialıdır: “Bu özgüvənin səbəbi var, ssenariyə və bütün kollektivə olan inamdan irəli gəlir. Rəhman obrazı barədə onu deyə bilərəm ki, Rəhman sakit, savadlı, fikrini yalnız işinə verən biridir. “Əfşar holdinq”in varisidir”.

Günay Kəlbəcərli serialda katibə rolunda çıxış edir. Nazlı-qəmzəli katibə tamaşaçıların diqqətini çəkəcəyinə əmindir:

“Mən obrazım barədə çox danışmaq istəmirəm. İnşallah, qiyməti tamaşaçılar verəcək”.

Vüqar Quliyev də ona həvalə olunan mühafizəçi obrazından həvəslə danışır:

“Ailənin şəxsi mühafizəçisiyəm. Şirkətdə nə qara-qura işlər var, hamısı mənim əlimdən gəlib keçir. Ailəyə çox sadiqəm. Ən maraqlısı budur ki, serialda öz ləhcəmlə danışıram, bununla da tamaşaçımı özümə bağlayacam. Mənfi obraz olsa da, hər kəs məni maraqla izləyəcək”.

Səkinə Seyidova serialın ən gənc aktrisasıdır. Onun cəmi 16 yaşı var. İndiyə qədər özünü model kimi sınayan Səkinə serialda biznesmenin qızı rolundadır.

Məhəmməd Mübariz:

“Serialda Mənsur obrazını canlandırıram. Əfşar ailəsinin böyük oğluyam. Onu deyə bilərəm ki, tamaşaçılar indiyənə qədər görmədikləri bir serialla qarşılaşacaqlar”.

Qeyd edək ki, çəkilişlər Bakıda aparılacaq. Bəzi bölümlərin isə bölgələrdə lentə alınacaq. Bizdən uğur diləmək qalır. İnanırıq ki, “Keçmişin lənəti” Azərbaycan efir məkanında ən baxımlı serial kimi reytinqləri dağıdacaq.

Serialın informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir
Foto:Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

2493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv