Sevgilisini 50 metr qovub, 7 yerdən bıçaqladı – Ayselin dəhşətli cinayət səbəbi

Azərbaycan əsilli Türkiyə vətəndaşı Konya şəhərində dəhşətli qətl hadisəsi törədib.

Yenicag.az xəbər verir ki, 27 yaşlı Aysel Eşme 34 yaşlı sevgilisi Ümit Gökeri yol ortasında 7 dəfə bıçaqlayaraq öldürüb.

Qadının iddiasına görə, sevgilisi onun 9 aylıq körpəsini boğmağa çalışıb, xəstəxanalıq edib. Aysel də məhz bu addımına görə, onu qətlə yetirməyə qərar verib.

Türkiyə mətbuatının yazdığına görə, bir barda çalışan A.Eşme 2 il öncə keçmiş həyat yoldaşı M.E.-dən (38 yaş) boşansa da, birgə yaşayırmışlar. Eşme 9 ay öncə Əmir adını verdikləri bir oğlan uşağı dünyaya gətirib. Aysel təxminən 2 ay öncə həyat yoldaşını tərk edib və Ü.Göker ilə münasibət qurub.

Aysel ötən axşam Əmiri sevgilisinin yanında qoyaraq çalışdığı bara gedib. Göker də gecə saatlarında uşağın divandan düşdüyünü irəli sürərək, onu xəstəxanaya aparıb. Həkimlər Əmirin həyatını çətinliklə də olsa, xilas edə biliblər. Amma onlar şübhəli məqamlar aşkar etdiklərinə görə, polisə müraciət ediblər və Ümit saxlanılıb. Polis onu yalnız ifadəsini aldıqdan sonra sərbəst buraxıb.

Bundan sonra Aysel Ümiti görüşə çağıraraq, ondan bu hadisəyə görə haqq-hesab tələb edib. İkilinin mübahisəsi sonda davaya çevrilib. Eşme yanında gəzdirdiyi bıçaqla Gökeri təxminən 50 metr qovub, onu 7 yerindən bıçaqlayıb. Ağır yaralar alan Ü.Göker təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq A.Eşme saxlanılıb. Jurnalistlərin “niyə onu öldürdünüz” sualına, Ayselin cavabı belə olub: “Uşağımı adyalla boğub. Həkimlər nəfəssiz qaldığını, beyninə oksigen getmədiyini söylədilər. Ona görə belə etdim. Peşmanam”.

Hadisə ilə bağlı araşdırma aparılır.