!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Səyahət turu" fırıldağı ilə üzləşən TURİSTLƏR: "Vətəndaş onlayn şəkildə qeydiyyatdan keçməməlidir"

!Reklam – Yazi

Son zamanlar ölkə ərazisində “səyahət turları” satanların sayında artım müşahidə olunur. Tanımadıqları turizm şirkətlərindən “səyahət paketləri” alan əksər vətəndaşlar isə dələduzluqla üzləşir və qeyd olunan səyahət təklifinin saxta olduğu aşkarlanır.

Səyahət etmək istəyən şəxslərin aldanmaması üçün riayət etməli olduğu qaydalarla bağlı səyahət blogeri Azər İsmayıl öz fikirlərini Yenicag.az-la bölüşüb.

Azər İsmayıl qeyd edib ki, səyahət turu alan vətəndaşlar ilk növbədə, bilet alarkən turizm şirkətindən kassa çeki və ya qəbz tələb etməlidir. Bu halda şirkətin qanuni şəkildə fəaliyyət göstərdiyi bilinir:

“Bu gün tur şirkətlərinin fəaliyyəti üçün lisenziya yoxdur. Əslində şirkətin işi alıb-satmaqdırsa, gələcəkdə də lisenziyanın olmasına ehtiyac yoxdur. Sadəcə şirkətlərin səyahət turunu vətəndaşa satan tur-operator var. Turun qiymətindən asılı olaraq, tur-operator şirkətə 6-12% civarında faiz verir. Həmin tur-operator elə platforma yaratmalıdır ki, tur paket alan turistə sifariş və ya təsdiq nömrəsi verilsin. Turist həmin sifarişin təbiqini yoxlamaq üçün tur-operatorun saytına nömrəni və səfər edəcəyi ölkənin adını yazmaqla, turun aktiv olub-olmamasını öyrənə bilər. Aviabilet və hotelə gəlincə, aviaşirkətin saytında bilet nömrəsini yazaraq yoxlamaq olar. Lakin çarter reyslərdə məlumat görünməyə bilər. Vətəndaş hoteldən şübhələnirsə, bu halda hotelin özü ilə əlaqə saxlaya bilər”.

Röyal Cəbiyev

Turizm mütəxəssisi Röyal Cəbiyev isə saytımıza açıqlamasında vurğulayıb ki, bu gün ölkədə leqal və qeyri-leqal fəaliyyət göstərən daxili tur şirkətləri mövcuddur.

“Bu artımın səbəbi hansısa turizm şirkətində bələdçi kimi çalışan şəxsin sonradan fərdi şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Bəzən isə sosial şəbəkələrdə, xüsusən də “Instagram”da turla bağlı səhifələr açılır və pullu reklam hesabına qiyməti münasib qoymaqla, insanları cəlb edirlər. Qiymətin sərfəli olduğunu görən vətəndaş turu seçir və sonda xoşagəlməz halla qarşılaşır. Bu tendensiyanın qarşısını mütləq şəkildə almaq lazımdır. Daxili turizmdə Türkiyə modelindən istifadə oluna bilər. Belə ki, tur bələdçisinin “go card”ı olmadan onun fəaliyyəti qadağandır. Bunun üçün turizm polisi var. Qanunsuz işləyən tur bələdçisi həmin polis tərəfindən cərimələnir. Turizm zonaları olan ölkələr bu metoddan geniş istifadə edir. Əsas məqsəd daha çox xarici turistlərin aldadılmasının qarşısını almaqdır. Ölkəmizdə də turizm polisinin yaradılmasına ehtiyac var. Məsələn, işğaldan azad olunan torpaqlarımızda kifayət qədər turizm zonaları var. Gələcəkdə bu ərazilərə səyahət edən xarici turistlərin düzgün maarrifləndirilməsi və aldadılmaması üçün “go card” anlayışı ilə yanaşı, turizm polisinin olması əhəmiyyətlidir. Ümumilikdə ölkədə turizm sektorunun inkişafı üçün sahibkarlara imtiyazlar yaradılmalı, vergidən azad olunmalı və dövlət dəstəyi olmalıdır.

Mövcud şəraitdə səyahət etmək istəyən vətəndaşlarımızın xüsusilə diqqət etməli olduğu məqam odur ki, kart hesabına ödəniş etməklə qeydiyyatdan keçməsinlər. Ən doğrusu şirkətin ofisinə yaxınlaşmaqdır. Bu halda vətəndaşın aldadılmaq ehtimalı aşağı olur”.

Gülşən Şərif

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv