Son 2 ildə “Sipark” İnşaatın rəhbəri Seymur İsayevin adı ən müxtəlif qalmaqallarda hallanır.
S. İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu. Bu xəbərin səs-küyü tam sakitləşməmiş şirkət başqa bir mövzu ilə özünü “gündəmdə saxlamağı bacardı”.
Bu dəfə təqdim edəcəyimiz yazı isə “Sipark” İnşaatın rəhbəri Seymur İsayevin kriminallaşmış qruplaşmanın üzvü olduğunu isbat edir.
Müğənni Şəbnəm Tovuzlu – Əsədovanın qadın alveri ittihamı ilə Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq orada saxlanılması geniş müzakirələrə səbəb olub.
“Akif Çovdarov məşhur qadın müğənninin evini əlindən alıb” sərlövhəli yazıda Famil adlı bir iş adamının sifarişi ilə Akif Çovdarovun müğənnilərdən birini MTN-ə apararaq orada saxlaması haqda yazmışdıq. Lakin müğənninin kimliyini bəzi etik səbəblərdən açıq yazmamışdıq…
Həmin yazı dərc ediləndən sonra Qafqazinfo.az saytı MTN-ə aparılan müğənninin Şəbnəm Əsədova olduğu haqda xəbər yaydı. Bundan sonra müğənni, onun prodüseri əvvəlcə məlumatı yalanlamağa çalışdılar. Amma ümumilikdə müğənninin evinin əlindən alınmasını, Famil adlı şəxslə problemlər yaşamasını təsdiqlədilər.
Şəbnəm Əsədova “Yeni Müsavat”a bu haqda açıqlama verib. Müğənni deyib ki, xəbərlərdə adı hallanan Famil Xəlilov onun rəsmi nikahla əridi:
“Bizim həm rəsmi nikah sənədimiz var, həm kəbinimiz. Yəni o adam mənim sevgilim deyil. Akif Çovdarvla da əlaqəsi ola bilər. Çünki iş adamıdı, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır”.
Müğənninin əri Famil kimdir?
Xanım müğənninin sponsoru olan (özünün iddiasına görə isə əri) Famil adlı şəxsin kimliyi də maraq doğurur. Bu səbəbdən də onun Akif Çovdarovla əlaqələrini də araşdırmaq qərarına gəldik.
Öyrəndik ki, Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib. Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər. “Evrostroy” tikinti şirkətində həmin vaxt S.İsayevlə Hacı Rafael Qarayev şərik olublar.
S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb. Aralarında mübahisə yaranıb. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda S.İsayevin A.Çovdarova müraciəti ilə nəticələnib.
MTN-ə sifarişlə apartdırılan təkcə Şəbnəm Əsədova olmayıb…
Qaynağımız bildirib ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib. A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub. S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar. Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsyevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
Akif Çovdarovun həbsindən sonra Famil Xəlilovla Seymur İsayev Azərbaycanı tərk ediblər.
Bundan sonra Şəbnəm Əsədovanın sponsoru Bakıda çoxmərtəbəli binalar tikən şirkətin şəriklərindən birinə çevrilə bilib. Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Onların Türkiyədə məskunlaşdıqları haqda da məlumat var. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun “Sipark” adlı oteli var. Şəriklərin Azərbaycanda qazanılan pullarla Dubayda çoxmərtəbəli bina tikintisi ilə məşğul olduqları və Azərbaycana dönmək fikirlərinin olmadığı haqda da məlumatlar var. Qaynağımızın verdiyi məlumatlardan belə aydın olur ki, bunun üçün şəriklərin ciddi əsasları var. Belə ki, onların başına gətirilən xoşagəlməz hallarla bir çox iş adamları da üz-üzə qalıblar. Şəriki Hacı Rəfael Qarayevdən savayı S.İsayevlə bu və ya digər formada narazılığı olan şəxslər Akif Çovdarovun idarəsinə aparılıb. Orada təhdid olunub. Bir çox şəxslərin isə “Evrostoy”un Həsən Əliyev küçəsindəki 7 mərtəbəli binanın zirzəmisinin “qonağı” olduqları da bildirilir.
Şəbnəm Əsədovanın mənzilini əlindən alıb özünü “Edem”ə aparıblar
Ş.Əsədovaya gəlincə isə onun MTN-də 4 gün saxlanıldığı haqda iddia var. Həmin 4 gün ərzində müğənniyə Famil Xəlilovun bağışladığı, Keşlə bazarı ilə üz-üzə “Qafqaz” MTK-nın inşa etdiyi binadakı 3 otaqlı mənzildən zorla imtina etdiriblər. Həmin mənzili isə Famil Xəlilovun adamı Abbas Həsənlinin adına rəsmiləşdiriblər. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir. Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib. Maraqlı məqamlardan biri də budur ki, Şəbnəm Əsədova MTN-ə aparılandan dərhal sonra bəzi saytlarda onun qadın alverçisi kimi həbs edilməsi xəbəri yayılıb. Bu gün də həmin xəbər saytlarda qalmaqdadır. MTN-dən azad edilən Ş.Əsədova həmin vaxt “Edem” restoranında olan S.İsayevin hüzuruna aparılıb. Orada müğənni ən sərt şəkildə danlanıb…/axsam.az/