Seyran Səxavətdən Əlisa Nicata görə ÇAĞIRIŞ: “Oğru milyarderlər, fürsətdir, ona kömək edin ki…” – FOTO

100 kitab müəllifi olan 87 yaşlı tanınmış yazıçı Əlisa Nicatın maddi durumunun ağır olması, hətta qazpulunu belə ödəyə bilməməsi ilə bağlı Şahbaz Xuduoğlu sosial şəbəkədə paylaşım edib.

O, ömürünü ədəbiyyata həsr edən yazıçıya olan laqeyd münasibətdən gileylənib: “Kimlərsə yaltaqlıq edib 2-3 ev sahibi olur, prezident təqaüdü alır, boynu qızara-qızara tədbirləri, məclisləri dolaşır, Əlisa Nicat isə qaz pulunu ödəyə bilmir. Mədəniyyət Nazirliyinin rüşvətxorlarının yediyi tender pullarından bir az ayırıb ədəbiyyat və mədəniyyətə illərdir xidmət edən Əlisa Nicat kimi söz adamına da dəstək olmaq olardımı? Məncə olardı”.

Yenicag.az-a açıqlama verən tanınmış yazıçı Seyran Səxavət Əlisa Nicatın maddi çətinliklərindən xəbərdar olduğunu bildirib və ona dəstək olmaq üçün çağırış edib:

“Əlisa Nicatı 50 ildir tanıyıram, dəyərli ziyalımız, yazıçımızdır. Ona kömək etmək lazımdır. Kim etməlidirsə, o da kömək etməlidir. Dünən bir dostumuz mənə səs atdı ki, bu xalq niyə Əlisa Nicata yiyə durmur? Mən də ona cavab verdim ki, əslində Əlisa Nicat özü sahib çıxacaq yaşdadır. Amma təssüf ki, hal-hazırda ona kömək ediləcək vəziyyətdə qalıb. Əl tutmaq Əlidən qalıb. Mən üzümü çapıb-talamaqla özünə sərvət yığan o oğru milyarderlərə tutub deyirəm, fürsətdir, Əlisa Nicata kömək edin. Kömək edin ki, heç olmasa adınız yaxşı bir əməldə olsun. Xxalqın belə bir dəyərli ziyalısına, yazıçısına kömək etmiş olasınız”.

Cəvahir