Seyran Səxavətdən Rusiya-Ukrayna müharibəsinə REAKSİYA: “Allah lənət eləsin…”

“Bütün müharibələri lənətləyirəm. Müharibəyə rəvac verənləri ikiqat lənətləyirəm. Müharibəni yer üzündə təbliğ edənləri isə neçə yüz dəfə lənətləyirəm. Allah lənət eləsin müharibəni başlayanlara”.

Bunu Rusiya ilə Ukrayna müharibəsinin başlamasına münasibət bildirərkən tanınmış yazıçı Seyran Səxavət Yenicag.az-a açıqlamasında deyib.

Yazıçı istənilən müharibənin özü ilə problemlər gətirdiyini vurğulayıb:

“İstənilən müharibəni lənətləyirəm. Çünki müharibə özü ilə həm də problemlər gətirir. Problemlərin də bir norması var, amma müharibə bu həyatdakı problemlərin normasını vurma cədvəlindəki kimi ona, yüzə vurub, qat-qat artırır. Müharibə özü ilə ölüm gətirir. Müharibənin gətirdiyi ölümün ərazisi çox böyük olur. Yerdə qalan bütün poblemlərin də hamısı o ərazinin içindədir. Bir var öz əcəli ilə baş verən ölüm, bu, çox normal haldır. Hətta ölüm də doğulmaq kimi xoşbəxtlikdir. Doğulmaqla ölüm arasındakı vaxta da ömür deyirlər. Bu normaldır. Allahın qoyduğu qayda-qanundur, bütün bəşəriyyətin adət etdiyi, öyrəşdiyi və həyata keçirdiyi bir məqamdır. Bir də var müharibə. Bu mənada bütün müharibələri lənətləyirəm. Mənim Ukraynada və ruslar arasında çoxlu dostlarım var. Vaxtilə Karl Marksın dediyi bu kəlməni son vaxtlar tez-tez xatırlayıram. O deyirdi: “Bütün ölkələrin proletarları birləşir”. SSRİ-də çap olunan bütün qəzetlərin yuxarı başında bu ifadə yazılırdı. Sən demə, o deyirmiş ki, birləşin və öz başçılarınızı da özbaşına qoymayın. Çünki ölünü də özbaşına qoyanda kəfəni yırtıb çıxır. Sözümün canı budur ki, bütün müharbələrin günahı o ölkələrdə yaşayan xalqlar yox, o dövlətin başçılarıdır. Onların yerli-yersiz, tarixi və siyasi hikkələridir. Bütün müharibələri lənətləyirəm. Bir ildir müharibədən çıxmışıq, nə qədər şəhid vermişik. İndi görün, orada nələr olacaq”.

Cəvahir