Şeyx Moskvada azərbaycanlı dindarlarla görüşdü – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

Yeni Çağ-ın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Azərbaycanın Rusiyadakı səfirliyində keçirilib.

Görüşdə Moskvanın “Otradnıy” rayonundakı azərbaycanlıların “İnam” məscidi ətrafındakı yaranan problemlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri bildirib ki, görüşün keçirilməsində məqsədin “İnam” məscidi ətrafında yaranmış problemi azərbaycanlı ictimaiyyət nümayəndələri və dindarlarla müzakirə etmək və bu problemin həllinə yaxından kömək etməkdir: “Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri bu gün burdadır. Qərar verdik ki, Moskvadakı azərbaycanlı dindarların problemləri yerində maraqlanaq, problemin həllinə nə kimi kömək edə bilərik, onu aydınlaşdıraq. Azərbaycan prezidentinin, Şeyx həzrətlərinin, səfirin bu məsələyə diqqət göstərməsi bu məsələnin həllinə aydınlıq gətirə bilər.

Görüşdə Şeyxülislam Moskvadakı azərbaycanlı dindarların problemləri ilə maraqlanıb: ” Azərbaycanlıların Moskvada məscid problemi hər zaman mənim diqqətimdə olub. Hətta, Otradnıdakı məscidlə bağlı problem yaranmazdan əvvəl bu məsələ mənim diqqətimdə olub. Özümə borc bildim ki, bu gün sizinlə görüşüm və imkan daxilində sizə məsələnin həllində köməkçi olub. Əlbəttə, mın bir şeyxülislam kimi çox istəyərdim ki, burada bir məscid yox,bir neçə məscid fəaliyyət göstərsin, azərbaycanlıların ibadətlərini həyata keçirməsi üçün bir yer olsun”.

QMİ sədri 10 ildən çoxdur ki, bu məsələ ilə məşğul olduğunu vurğulayıb: “mənim bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinə, baş nazir Dmitri Medvedyevə, Patriarx Kirillə və Moskva meri Sergey Sobyaninə müraciətlərim var. Təəssüflər olsun ki, o zaman bu məsələnin həllinə maneəçilik törədildi. Putin həzrətləri Bakıya səfərində mən ona “Şeyxülislam” ordenini təqdim edərkən də bu məsələ ilə bağlı müraciət elədim ki, bizə yer versinlər məscid tikək. Yəni, siz bu gün bu məsələni mənim qarşımda qoymursuz. Bu, çoxdan mənim istəyimdir. Otradıy rayonunda baş verən hadisə bir təkan oldu ki, bu məsələ yenidən gündəmə gəlsin. Bura gəlməmişdən öncə Patriarx Kirill həzrətlərinə müraciət tdim. Bu günki görüşdə də ondan məscid tikilməsi üçün yer ayrılmasını xahiş etdim ki, bizə köməklik etsin. Bu, başlanğıcdır. Bu gün hadisənin nə üstündə baş verdiyini və məscidin nə səbəbdən bağlandığını öyrənmək istəyirəm”.

Moskvadakı Azərbaycan dindarları adından Əhli Beyt cəmiyyətinin sədri Nizami Baloğlanov çıxış edib. O, yaranmış problemlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciətin əks olundğu məktubu Allahşükür Paşazadəyə təqdim edib.