Şeyx Qaraçay-Çərkəzə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.

İdarədən Yenicag.az-a verilən məlumata görə, Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın bu dəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.

Şuranın iclasında həmçinin cari məsələlərin, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur.

QXADŞ-nın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri A.Paşazadə çıxış edəcək.

Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.