Şeyx xalqımızı təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrikdə builki Novruzun həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən daha da dəyərli və əlamətdar olduğu bildirilib:

“Bu gün işğaldan azad olmuş bütün məkanlarda, Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarnda bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!”

A.Paşazadə vurğulayıb ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək:

“İl İlan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, Novruz bayramı isə martın 21-də qeyd ediləcək. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram”.