“Şeyx Xəmzət” əhatəsini genişləndirir – Lənkərankinin “qardaşı”na “qanuni oğru”lardan dəstək – VİDEO

Çeçen əsilli kriminal avtoritet, “Şeyx Xəmzət” ləqəbli Xəmzət Qastəmirov əhatəsini gücləndirməkdə davam edir.

Yenicag.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan “qanuni oğru”ya növbəti dəstək vətəni Çeçenistandan gəlib.

Belə ki, çeçen “oğru”larının ağsaqqalı sayılan Aziz Batukaev Qastəmirovu dəstəklədiyini, onu öz qardaşı hesab etdiyini bildirib.

Batukaev bu çıxışı ilə bir sıra söz-söhbətlərə son qoyub. Bundan başqa Qastəmirova həmyerlisi Umar Ufimskiy də dəstək çıxıb.

Məsələ burasındadır ki, bir müddət əvvəl “Şeyx Xəmzət”in bayrağı altında olan, daha sonra ona xəyanət etdiyi bildirilən Timur Tumaev son günlərdə Qastəmirov əleyhinə kampaniyalar aparmaqda davam edir. Muzdlu döyüşçü olan və “Timur Dikiy” ləqəbi ilə tanınan Tumaev çıxışlarında bildirirdi ki, guya “Şeyx Xəmzət”in çeçen “qanuni oğru”larla münasibəti yaxşı deyil və onu heç kim sevmir. Lakin Batukaevin bu çıxışı Qastəmirova xəyanətdə ittiham olunan “Timur Dikiy”inin iddialarının əssasız olduğunu isbatlayıb.

Qeyd edək ki, Tumaev “Şeyx Xəmzət”in yanından ayrıldıqdan sonra videolar çəkərək Qastəmirova qarşı kampaniya aparır. Onun bu davranışının isə kriminal aləmin qanunlarına zidd olduğu bildirilir və buna görə Tumaevə haqq qazandıranların sayı elə də çox deyil. Bundan başqa onun öz-özünə rejissorluq etməsi heç də birmənalı qarşılanmır.

Çünki vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur Tumaevi kriminal aləmin üzvü hesab etmirlər. Çünki kriminal aləmin illərdir dəyişməz qanunlarından biri də ondan ibarətdir ki, buraya üzv olan şəxs hərbidə xidmət etməməlidir. Belə hesab olunur ki, hərbi xidmət keçmiş şəxs bu aləmdə söz sahibi ola bilməz.

Tumaevlə bağlı digər səslənən şok iddia isə onun Çeçenistandakı Çernokozova hepsxanasında məhbəs həyatı yaşadığı vaxta təsadüf edir. Bildirilir ki, “Timur Dikiy” həbsxanada ona türmə rəhbərliyi tərəfindən güzəştlər edilməsi üçün yeməkpaylayan işləyib və həbsxana rəisinin otağını təmir edib.

Xatırladaq ki, “Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi sayılır. Lənkəranskinin vəfatından sonra kriminal aləmin kassasına Qastəmirovun nəzarət etməsi rəqibləri tərəfindən narahatlığa səbəb olub. Elə bu səbəbdəndir ki, dəfələrlə “Şeyx Xəmzət”ə qarşı sui-qəsdlər olsa da, bütün cəhdlər uğursuz alınıb.

 

COP29