Yenicag.az Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir:
– Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm, Şeyxülislam həzrətləri, Sizin şəxsi müşahidəniz bizim üçün çox maraqlıdır. Hazırda dünyada dinlər, xüsusən də müsəlmanlar arasında davam edən ixtilafları aradan qaldırmaq mümkün olacaqmı? Yoxsa elə belə də davam edəcək?
– Bismillahir rəhmanir rəhim. Hazırda Peyğəmbər əleyhissəlamın mübarək mövlud günləridir. İstərdim sizin qəzetiniz vasitəsilə dünya müsəlmanlarının mövludunu təbrik edəm. Qurani-Kərimdə Allah buyurur ki, “Vəma ərsəlnakə illə rəhmətən lilaləmin”, yəni Peyğəmbərə xitabən bildirir ki, “Mən səni aləmlərə rəhmət olaraq” göndərmişəm. Aləmlər dedikdə bütün varlıq aləmi nəzərdə tutulur, orda müsəlman da var, xristian da, yəhudi də, buddist də və sair. Peyğəmbər aləmlərə rəhmətdir.
Ümidsiz olan şeytandır. İnsan son nəfəsinə qədər ümidini üzməməlidir. Peyğəmbərdən (s.ə.s) gələn hədislərə baxanda bunu aydın görürük. Biz ümidlə yaşamalıyıq. Düzəlməyəcək deyə yaxşı işlərimizdən əl çəkək düşüncəsi olmamalıdır. Quran bizə bu cür öyrətmir, Peyğəmbərimiz (s.ə.s), imamlar, böyük şəxsiyyətlər bizə bu yolu göstərmir.
“Ümidsiz olan şeytandır, insan ümidini üzməməlidir”
Ancaq təbii ki, problemlər var. Zənnimcə, əsas çətinliklərdən biri də odur ki, bəzi siyasi xadimlər dini məsələləri öz xeyrinə istifadə edir. Özünü dindar kimi göstərib, din adından çıxış edib dinə olan münasibəti öz xeyrinə istifadə etmək cəhdi var. Ona görə də, bu cür qarşıdurmalar baş verir. Əlbəttə, bütün siyasətçi və ya dövlət rəhbərləri deyil, bəzilərinin səbəbindən bu vəziyyət hətta məzhəblər arasında, xalqlar, millətlər içərisində də qarşıdurmalara gətirir.
Müsəlman dünyasında da bu cür vəziyyət var. Mən bunu müşahidə edirəm. Amma bu o demək deyil ki, biz ümidsiz olaq. Mən inanıram ki, bir gün gələcək qardaşlıq, dostluq, ədalət üstün dəyərə çevriləcək.
– Azərbaycanda açığı vəziyyət digər müsəlman ölkələri ilə müqayisədə daha ümidvericidir, ölkəmiz müsbət mənada xeyli irəlidə görünür. Hətta bəziləri bunu yenilik də sayır: müsəlmanların birgə vəhdət namazlarının qılmasını, heç bir münaqişələrin olmamasını və sair. Sizin bu mövzuda ölkəmiz üçün dəyərləndirməniz necədir?
Bizdə sünnilər və şiələr bir-birinə qardaş münasibəti bəsləyirlər
– Əlbəttə, bizdə vəziyyət yaxşıdır. Azərbaycanda olan dinlər, məzhəblərarası münasibət, xalqımızın qanında olan tolerantlıq, başqa dinlərlə birlikdə yaşamaq qabiliyyəti, başqa din və məzhəblərə, hətta başqa xalqlara münasibət çox yaxşıdır. Biz görürük ki, digər müsəlman ölkələrində məzhəblər arasında münasibət o qədər də yaxşı deyil. Amma bizdə o problem yoxdur. Bizim ölkəmizdə yaşayan həm sünnilər, həm şiələr çox tolerantdır, bir-birinə qarşı qardaş münasibəti bəsləyirlər. Ona görə də bir çox məscidlərimizdə, hansı ki, həmin bölgədə azlıqda sünni və ya şiə varsa, o məscidlərə iki imam təyin edirik. Həm sünni, həm də şiə imamlar. Bu bizim həyatımızdır. Eyni zamanda dövlətin də siyasəti bunu gərəkdirir. Bu vəziyyətin yaranması dövlətin siyasətindən də asılıdır. Dövlət ilk növbədə bu şəraiti yarada bilir. Həm müsəlmanlar, həm də başqa dinlər üçün. Bu da indi dünyada nadir nümunədir. Təsadüfi deyil ki, hazırda dünyada mövcud olan azsaylı dinlərarası, sivilizasiyalar arası dialoq mərkəzlərindən biri də Azərbaycanda yerləşir, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılıb. Bu mərkəzin həm ölkə daxilində, həm də xaricdə apardığı dini, dialoq təbliğatı və buna olan reaksiyalar göstərir ki, Azərbaycanın tutduğu yol doğru yoldur.
– Artıq 3 ildən çoxdur ki, qeyd etdiyiniz təşkilatın xətti ilə müxtəlif ölkələrdə – Türkiyə, İran, İspaniya, Finlandiya, Rusiya, Orta Asiya – tolerantlıq mövzusunda beynəlxalq konfranslar keçirilir. Hazırda dünyada etnik və dini-məzhəbi zəmində nifrətin yayıldığı bir zamanda dinlərarası dostluq, qardaşlıq, yaxınlaşma mövzusunda konfranslar, beynəlxalq tədbirlər keçirirsiniz. Dünyada bu təşəbbüsə reaksiya necədir? Həqiqətən, dinlərarası dostluq yaratmaq mümkündürmü?
Azərbaycan bu gün bir multikulturalizm mərkəzinə çevrilib
– Təbii ki mümkündür. Bu sahədə çox ciddi nəticələr var. Bu il 3 konfrans keçirmişik. Bunlardan birini Şimali Qafqazda keçirmişik, keçmiş SSRİ ərazisində yaşayan müftilərlə birlikdə. İkinci tədbiri İspaniyada, nəhayət üçüncünü də bu yaxınlarda Almaniyanın Berlin şəhərində keçirmişik. Sonuncu tədbirdən yeni gəlmişəm, hələ də məktublar, reaksiyalar gəlməkdədir. Çox müsbət təsir qoyub, təqdir edirlər. O konfranslarda iştirak edən çox yüksək vəzifəli şəxsiyyətlər, keçmiş prezidentlər, siyasətçilər, demək olar ki, bütün geniş yayılmış dinlərin təmsilçiləri, din xadimlərinin fikirləri yüksək idi. Əksər insanlar bu cür tədbirin təşkilinə təəccüblə baxır, həm də təqdir edirdilər.
Hətta Bundestaqın nümayəndəsi çıxışında dedi ki, mənə çox xoş gəlir ki, Azərbaycan bu gün bir multikulturalizm mərkəzinə çevrilmişdir. Bu siyasəti apardığı üçün Azərbaycan dövlət rəhbərliyinə təşəkkürünü bildirdilər. Bu böyük işdir. Bilirsiniz, Azərbaycan çox da böyük bir dövlət deyil. Bu təşəbbüsü ələ almaq, dünyada öz sözünü demək, tolerantlıq təbliğatını aparmaq böyük uğurdur. Bunu davam etdirməliyik. Çünki ölkə prezidenti, İlham Əliyev cənabları bu prosesi başladıb, islam həmrəyliyini insan həmrəyliyinə çevirmək fikrindədir. O istəyir ki, ölkəmiz bütün dinlərin həmrəyliyi mərkəzinə çevrilsin. Bu da insan həmrəyliyinə gətirib çıxarsın. Biz bu tədbirləri həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə keçirdik və baxdıq ki, bütün dünyada həmrəylik çağırışlarına ehtiyac var.
Karlovı Varıda müalicə alıram, mülküm yoxdur
– Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?
– Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.
– Beşmərtəbə bina da göstərilirdi ki, sizə məxsusdur.
Katolikos Qaregin dedi ki, bizim mətbuatda barəndə mənfi yazılar yazırlar
-Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.
– Amma bir şey də var ki, siz dövlət məmuru deyilsiniz. Sizin əmlakınız qanunla ola bilər… Yeri gəldi deyə soruşum. Nəvələriniz İstanbuldadır, ya Bakıda?
-(Gülür.) O da yalan məlumat idi. (Bir neçə il əvvəl mətbuatda Şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərləri nəzərdə tutur – K.R.) O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.
– Açığı, Siz tirajlı şəxssiniz. Sizinlə bağlı xəbərlər çox oxunur. Haqqınızda yazılan istənilən xəbər ən çox oxunanlar siyahısına daxil olur. Bəlkə də bununla əlaqədardır.
– Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar, barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burda yazanın məqsədi nədir? O niyə məni gözdən salmaq, qaralamaq istəyir?
Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.
“Dövlət maaş verir” ifadəsi yanlışdır
– Azərbaycan müstəqil olduqdan sonra dövlət bir mənada dini fəaliyyətləri QMİ-nin öhdəsinə buraxıb. Ancaq sonradan tədricən dövlət də dini sahədə müəyyən işləri görməyə başlayıb. Bu həm də dünyada baş verən proseslərlə bağlı olsa da, nəticə etibarı ilə son illərdə dini fəaliyyətləri QMİ ilə yanaşı dövlət qurumları da aparır. Bu səbəbdən də belə bir qənaət formalaşıb ki, QMİ-nin səlahiyyətləri azalıb. Sizcə belədirmi?
– QMİ-nin səlahiyyəti deyilən məqam məscidlərdir, ibadətlərin həyata keçirilməsi, namaz qılmaq, moizə deməkdir. Bunlar bizim qurumun — dini mərkəzin səlahiyyətimdə olan məsələlərdir. Əvvəldən də bu belə idi, indi də belədir. Qaldı ki, başqa işlər, onlarla bağlı situasiya əvvəllə müqayisdə dəyişib. Hazırda 800-dən çox aktiv, işlək məscid var. Onların fəaliyyətini təmin etmək – böyük ehtiyacları var – onları qarşılamaq QMİ üçün çətindir. İdarə olaraq çatdıra bilmirəm. Dövlətsiz bu işləri görmək mənim üçün çox çətindir. Biz hazırda bu konfransları da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçiririk. Dövlətin bu sahədə işlrə görməsi mənə yardımdır. Mənim səlahiyyətim dediyim kimi, məscidin içi, ibadət, moizədir. Bundan qalan məsələlər ümumi işlərdir, biz bir yerdə işləyirik, onlar da bizə yardım edirlər. Yəni heç bir ayrı-seçkilik yoxdur. Açığını deyim ki, bizim bu gün bir yerdə fəaliyyət göstərməyimiz ümumi işimizin xeyrinədir, həm dövlətçiliyimizin, həm də dinin.
– Yeri gəlmişkən, hökumət, yəni DQİDK bu il mollalara maşın verdi. Artıq maaşları da dövlət verir. Hazırkı sistemi, yəni dövlət-din münasibətləri sistemini mükəmməl hesab edirsiniz?
– Xahiş edirəm ki, o sözü düzəldəsiniz, “dövlət maaş verir” ifadəsi yanlışdır. Bu, prezidentin səlahiyyətlərindədir. Prezident həzrətləri ianə verir. Bu maaş deyil. Dövlət din xadiminə maaş vermir, yardım edir. Bizdə din dövlətdən ayrıdır.
O yardımı ayıran Mənəvi Dəyərlər Fondunun Himayəçilik Şurasının sədri mənim müavinim Müfti Salman Musayevdir. Onun namizədliyini mən irəli sürmüşəm. Bu qurumun vəzifəsi Prezidentin ayırdığı yardımı din xadimlərinə çatdırmaqdır.
Maşın məsələsi də eynidir. Prezident tapşırıb, bəzi məscid icmalarına işlərini yüngülləşdirmək üçün maşınlar verilsin. Müvafiq qurum da bunu edib. Biz buna qarışa bilmərik, bu qanunla deyil, prezidentin öz təşəbbüsü ilə ehtiyat fondundan ayırdığı yardımdır. Vaxtıilə mərhum prezident Heydər Əliyev Təzə Pir məscidinə gələndə cibindən pul çıxarıb məscidin kassasına atdı. O da bir yardım idi, bizə maaş verilmək sayılmırdı.
Biz öz rəsədxanamızın verdiyi məlumata əsasən fətva veririk
– QMİ-nin Qazılar və Elmi Dini Şurası il ərzində Ramazan, Məhərrəm aylarının daxil olması ilə bağlı fətva verir, bir sıra dini və ictimai hadisələrə münasibət bildirir. Ancaq məlumdur ki, sırf dini fətvaları hər kəs öz məzhəbinə və inancına görə əldə edir. Gələcəkdə yerli bir dini mərkəzin, tam olmasa da, müəyyən qədər şəri məsələlərlə bağlı fətva mərkəzinin yaranması mümkündürmü? Bu barədə nə düşünürsünüz?
– Nə demək istədiyinizi başa düşdüm. Bu bir qədər gələcəyin işidir. Elə məsələlər var ki, onlar hər bir dövlətin, ölkənin özünə xasdır. Məsələn, orucluğun başlaması, yəni ayın görünməsi. Bununla bağlı bizim Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanası ilə müqaviləmiz var. Onlar bizə yeni ayın görünməsi, ayın başa çatması ilə bağlı elmi nəticələrə əsasən məlumat verirlər. Ayın nə sünnisi var, nə də şiəsi. Ola bilər ki, bu, Türkiyə ilə düz gəlməsin, ya da İranla eyni günə təsadüf etməsin. Bəzi adamlar çox zaman İranla eyni günə düşməsi və Türkiyə ilə ayrı günlərə düşməsinə görə şübhə ilə yanaşırlar. Türkiyə ilə bizim coğrafi en dairəsi fərqimiz iki saatdır. Bizim ölkəmizin coğrafi en dairəsi İranla uyğun gəldiyi üçün bəzən İranla bayramlarımız eyni günə təsadüf edir. Ancaq bu o demək deyil ki, biz İranın təqvimi ilə edirik. Biz öz rəsədxanamızın verdiyi məlumata əsasən fətva veririk. Əlimizdə sənəd olur, kağız gəlir ki, bu gün ay görünəcək, o zaman həmin günü bayram elan edirik. Bu əsas fətvadır, orucluqda, Qurban bayramında buna xüsusi ehtiyac yaranır. Başqa mövzularla bağlı isə bizim Fətva Şöbəmiz var, orada böyük alimlərimiz oturur. 15 nəfərə yaxın mütəxəssis var, onlar moizələrin mətnini hazırlayırlar, böyük məsələlər olanda onları son instansiya kimi Qazılar Şurasının iclasına çıxarıb orada müzakirə edirik. Şəri mövzularla bağlı suallar Fətva şöbəsinə gəlir və orda oturan, hər məzhəbin şəriətini bilən mütəxəssislər müvafiq suallara cavab verirlər.
– Uzun illər, hətta sovet dönəmində müsəlman ölkələri ilə dini-siyasi əlaqələrdə aktiv yer tutmusunuz. Bu gün müsəlman dünyasında, xüsusən də Yaxın Şərqdə baş verən müharibələrin əsas səbəbini nədə görürsünüz? Din-məzhəb məsələləri bu münasibətlərdə nə qədər rol oynayır?
– Bu suala qismən əvvəldə toxundum. İslam dini salam, yəni əmin-amanlıq, sülh, qardaşlıq, yardımlaşma dinidir. Ancaq bu gün İslamdan istifadə edən bəzi qurumlar, siyasi xadimlər onu öz maraqları üçün istifadə edir. Bütün dinlər belədir. Həzrət İsa, həzrət Musa, həzrət İbrahim, həzrət Adəm və həzrət Məhəmməd (s.ə.s) sülhə, qardaşlığa, yardımlaşmaya çağırıb. İndi isə dini həddən artıq siyasiləşdirirlər. Nəticədə bu vəziyyət yaranır. Siyasət dedikdə mən ümumi olaraq siyasi fikrin əleyhinə deyiləm. Şəxsi mənafeyə xidmət edən siyasət təhlükəlidir. Ancaq insanları doğru yola yönəldən siyasət müqəddəs işdir.
– Azərbaycanın son illərdə ərəb dünyası ilə əlaqələri inkişaf edib, siyasi-iqtisadi əlaqələr irəliləyib, turist səfərləri artıb. Azərbaycan İsraillə münasibətləri olsa da, Fələstin məsələsinə açıq dəstək verir, yardım edir. Ərəb liderlərinin Azərbaycana münasibəti necədir? Müsəlman aləminin bir hissəsi hesab olunuruq?
– Azərbaycan bu gün bütün dünya və eləcə də müsəlman aləmi ilə yaxın əlaqələr qurur. Təkcə Qafqaz Müsəlmanları İdarəsi dünyanın 100-dən çox ölkəsi ilə əlaqələrə malikdir. Bəzən bir dövlətdə bir neçə əlahiddə qurumla, müsəlman, xristian təşkilatla əlaqələrimiz var. Azərbaycan dövlətinin özünün də müsəlman ölkələri ilə çox yaxın əlaqələri var. İslam Əməkdaşlıq Təşkilatının toplantılarında bir neçə dəfə özüm iştirak etmişəm və şahid olmuşam ki, Azərbaycan orada mühüm rol oynayır. Fələstin münaqişəsinin sülh yolu ilə həll olunması, Qüds probleminin həlli ilə bağlı prezidentimizin dəfələrlə bəyanatı olub. Ötən il İstanbulda Qüds məsələsinə həsr olunmuş İslam Əməkdaşlıq Təşkilatı Baş Assambleyasında Azərbaycan prezidentinin çıxışı, Türkiyənin yanında olması çox mühüm hadisə idi. Bizim Fələstinlə çox yüksək səviyyədə əlaqələrimiz var. Eyni zamanda Azərbaycan müasir dövlətdir, bütün dünya ilə əlaqələr qurmaq istəyir. İsraillə də dövlətimizin əlaqələri var. Biz bu iki dövlətin, yəni Fələstin və İsrail arasında münasibətlərin qurulması, sülhün əldə olunmasını dəstəkləyirik. Münaqişənin iki dövlətli həll prinsipinin tərəfdarıyıq.
Həqiqətən çox maraqlı xatirələrim var
– Gələn il 70 illik yubileyiniz gəlir. Bunun yarıdan çoxunu, yəni 40 ilə yaxınını Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etmişiniz. Sovet dövründə Şeyx olmaq, dini proseslərə rəhbərlik etmək, özü də cavan yaşda necə idi? Ötən illərlə bağlı xatirə yazmağı düşünürsünüz?
– Gələn il, sağlıq olsun, həm 70 yaşım, həm də Şeyxülislamlıq fəaliyyətimin 40-cı ili olacaq. Mən öz yubileyimi ailəmin içində keçirəcəm, ailəmlə bir yerdə olmaq istəyirəm. Amma bunula bağlı hansı qərar qəbul edilərsə, ona uyğun da işimizi planlaşdıracağıq. Bunu gələcək göstərəcək.
Xatirələrə gəlincə, həqiqətən də vaxtım yoxdur. Amma həmişə fikirləşirəm ki, zaman ayırım, xatirələrimi yazım. Amma nə təqaüdə çıxa bilirik, nə də məzuniyyətə. Beləcə, qalıb hələ ki. İnşallah, vaxt olar, yazarıq. Amma həqiqətən çox maraqlı xatirələrim var. Mən iki dövlət, iki dünya görən bir adamam. Kommunist rejimində yaşayıb işləmiş, bu gün də müstəqil Azərbaycan vətəndaşı kimi çoxlu xatirələrim var. Çox şeylər dəyişib.
O zaman bizi xaricə getməmişdən əvvəl Moskvaya çağırıb söhbət edərdilər. Həccə gedəcək adamları çağırıb onlarla söhbət edərdilər. Deyirdilər ki, sənin sovet parpostun var, sən bununla qürür duymalısan. Bir sovet vətəndaşı 100 başqa insana bərabərdir və sair. Amma sonra sovet rejimi dağıldı və hər şeyin fərqli olduğu məlum oldu. Maraqlıdır ki, o zaman soveti tərifləyənlər, indi onların bəzisinin səsi bu tərəfdə də gəlir. Ən qorxulusu da odur ki, bəzən özlərini dindar kimi göstərir və bəzi işləri də xarab edirlər.
– Çox kritik dövrlər də daxil olmaqla 40 ildir Qafqaz müsəlmanlarının liderisiniz. Yaddaşınızda qalan və bu gün də xatırlayanda sizi həyəcanlandıran hansı hadisələr var?
– Ən çox yadımda qalan hadisə hələ sovetlərin dağılmadığı vaxt, səhv etmirəmsə 1990-cı ildə Seneqalda İslam Əməkdaşlqı Təşkilatının toplantısında iştirakımla bağlıdır. Hələ SSRİ vardı, Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Həmin Seneqaldakı toplantıda mən İranla, Pakistan baş naziri Nəvaz Şəriflə danışıqlar apardım, Səudiyyə Ərəbistanı və daha bir çox dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Və nətəcidə Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv elədik. Hansı ki, hələ kommunist dövləti qalırdı.
Həmin vaxt mənimlə bir nəfər də vardı, dövlət rəsmilərindən idi. Adını demək istəmirəm. Çox cəhd etsəm də, həmin adam qalmadı, geri qayıtdı. Orda Azərbaycanı SSRİ tərkibində ola-ola İƏT-ə üzv etdik. Yeganə bir dəfə qanunu onda pozmuşam. Prezident Ayaz Mütəllibovun əvəzindən üzvlük sənədinə qol çəkdim. Azərbaycanı təşkilata üzv qəbul elədilər, müsəlman dövlətlərinin rəhbərləri yaxınlaşaraq hamısı bir-bir məni təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün çox qürur duydum ölkəm, xalqım adına. İndiki kimi yadımdadır, həmin məmur mənə dedi ki, “evin yıxılsın, öz evini də yıxdın, mənim evimi də”.
Ən dəhşətli günüm isə 20 Yanvar günü olub. O günü unutmaq olmaz. 20 Yanvarda Azərbaycan xalqını məhv etmək istəyirdilər. Məni də provokasiyaya çəkib irəli vermək və islam fundamentalizmi adı ilə xalqa divan tutmaq istəyirdilər. Bu, çox ağır təqvim idi.
20 Yanvardan qısa müddət sonra Moskvada Ali Sovetin iclasında iştirak edirdik. Fasilə vaxtı yeməkdə idik, Qorbaçov gəldi. Bizim nümayəndə heyətində olan qadınlar ona 20 Yanvarı xatırlatdılar. Daha sonra mənə tərəf çevrildi, “bəs sən” deyib, mənə əl uzatdı. Ona əl vermədim, dedim ki, sizin əliniz mənim xalqımın qanına batıb. Bu hadisəni heç zaman unutmuram, məndə qürur hissi yaradır.