Şeyxin Amiliyə cavabında ƏRDƏBİL DETALI: “Türkmənçay müqaviləsinin qüvvədən düşməsi…” – Partiya sədri

“Bu həm də buradakı İran şəbəkələrinə ciddi işarədir ki, sən imanlı insan olaraq öz vətəninə xidmət etməlisən”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Ərdəbil məscidinin imamı Ağayi Amilininin səsləndirdiyi fikirlərə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev Paşazadənin Amiliyə cavabında ən çox diqqət çəkən məqamın Ərdəbilin tarixi Azərbaycan torpağı kimi verilməsi olduğunu bildirib:

“Mətndə çox diqqət çəkən məqam var və birincisi də Şeyxin Ərdəbili qədim Azərbaycan torpağı olaraq vurğulamasıdır. Azərbaycanın nüfuzlu şəxsləri, ictimai rəy liderləri, cəmiyyətdə təsir imkanları olan adamlar həqiqətləri və Azərbaycanın hədəflərini bir formada dilə gətirməlidirlər. Azərbaycan üçün ədalətli status-kvo tarixi-coğrafi ərazisində bütöv Azərbaycandır.

Müxtəlif səbəblərdən xalqlarımız, ölkəmiz bölünübsə də, bunlar yalnız mexaniki sərhədlər vasitəsilə mümkün olub. Bizi ruhən bölməyiblər. Şeyxin Ərdəbil ifadəsi də ona dəlalət edir ki, siz gəmidə oturub gəmiçi ilə dalaşmayın. İrana birinci mesaj budur ki, sənin güc aldığın yer Azərbaycandır.

Ümumiyyətlə, tanınmış din xadiminin belə bir mövqe ortaya qoyması təqdirəlayiqdir. Bu mənim üçün gözlənilən idi. Bu da Azərbaycanda yeni bir səhifə açacaq. Siz qonşu islam adı altında din dövləti kimi görünməyinizə baxmayaraq, səthi davranırsınız və biz də sizinlə münasibətlərimizə yenidən baxmalıyıq. Orada buna da işarə olunub. Onu dini, Quranı, islamı bilməməkdə ittiham edib. Bu həm də buradakı İran şəbəkələrinə ciddi işarədir ki, sən imanlı insan olaraq öz vətəninə xidmət etməlisən”.

Partiya sədri bildirib ki, artıq Türkmənçay müqaviləsinin qüvvədən düşməsini gündəmə gətirmək lazımdır:

“2010-cu ildə ikinci dəfə parlamentə seçiləndə ilk çıxışım Türkmənçay müqaviləsinin qüvvədən düşməsi haqqında qanun qəbul etməyimiz olub. Qüvvədən salmaq yox, düşməsi haqqında. Mən o vaxtı da izah etdim ki, artıq Azərbaycanı bölən dövlətlərdən biri – Çar imperiyası yoxdur. Bu həm də İravan xanlığının taleyi ilə bağlı əhəmiyyətli məsələ idi.

Şeyxin Ərdəbil məsələsinə toxunması da, mənim bu fikirlərim qüvvətləndirir. Tarixi ərazimizdə Bütöv Azərbaycan üçün çalışmalıyıq. Hədəfi millətdən gizlətməzlər.

Bu cür çağırışları başqa liderlərin də etməsi vacibdir”.

Aqil Bəkir

COP29