Şeyxin səhhəti qəfildən pisləşdi – Təcili pul lazımdır

“Vəziyyətim ağırdır, təcili müalicə olunmalıyam. Amma bunun üçün maddi imkanım çatmır. Qəfildən halım pisləşdi, xəstəxanalarda oldum, müayinələr aparıldı. Amma maddi cəhətdən imkanım yoxdur. Borc götürüb, dərman alıram”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Səhhəti pisləşən rejissora dostları maddi yardım göstərir.

Xalq artisti dövlətin ona dəstək göstərəcəyinə inanır:

“60 ildir ki, kinoya, mədəniyyətə, bu xalqa xidmət edirəm. 76 yaşımda qəflətən xəstəliklərə yaxalandım. İdiyə qədər 7 minə yaxın pul xərcləmişəm, borc içindəyəm. Ürək, bronxit, mədə-bağırsaq, hamısı bir-birinə qarışıb. Ölüb-dirilirəm. Ciddi müalicəyə ehtiyacım var, amma maddi təminatım olmadığı üçün gözləyirəm. İnanıram ki, mənə kömək olunacaq və tezliklə səhhətimdəki problemlər aradan qalxacaq”.

Cəvahir