Si Cinpin İsveçrə sammitindən imtina etdi – Çin niyə Ukraynanı sabotaj edir?

“Çoxları düşünürdü ki, Si Cinpin Rusiya ilə tərəfdaşlıqdan imtina edəcək, lakin bunlar baş vermədi. Si İsveçrədə keçiriləcək sülh sammitində iştirakdan imtina etdi, üstəlik, qlobal cənubun bir çox ölkələrinin konfransa qatılmasını önlədi”.

Yenicag.az xəbər verir ki, bu barədə “Carnegie Berlin”in Rusiya və Avrasiya üzrə eksperti, Çinşünas Aleksandr Qabuevin “Çin niyə Ukraynanı sabotaj edir?” adlı məqaləsində qeyd olunub.

Analitikin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Sinin öz sülh gündəliyi var və o bunu həyata keçirməyə iddialıdır.

“Si əmindir ki, İsveçrədə keçiriləcək sülh sammitində heç bir uğur əldə edilməyəcək və burada qəbul edilən qərarlar Moskvanı sülhə məcbur edə bilməz. Pekin Rusiyaya ağır silahlar verməsə də, onu silah istehsalı üçün lazım olan hər şeylə təmin edir. Deməli, Si gələcəkdə Rusiya və Ukraynanı masaya oturtmağı özü istəyir və bunun üçün onun imkanları da var”, – deyə o bildirib.

A. Qabuev əlavə edib ki, Pekin və Moskva daha dərin və güclü iqtisadi əlaqələrin əsasını qoymağa davam edir:

“Çin və Rusiya həssas ixracatın qorunması yollarını müzakirə ediblər. Bunun üçün onlar, əsasən, Amerika məhdudiyyətlərindən qorunan ixtisaslaşmış banklar təyin edə bilərdilər. Belə banklar qlobal maliyyə sisteminə qoşulmayacaq və yalnız Rusiyada müxbir hesablarına malik olacaqlar, habelə bütün ödənişləri yuan və rublla Çin ödəniş sistemi vasitəsilə həyata keçirəcəklər. Onların əməliyyatları mərmi şirkətlərin çoxsaylı təbəqələri altında gizlənəcək. Bu isə Rusiyaya çox ciddi dəstəkdir”.

“Carnegie” nümayəndəsi onu da vurğulayıb ki, Çinin özünü əsas vasitəçi kimi göstərə biləcəyinə əmin olmasının bir səbəbi var.

“Pekinin əsas təsir rıçaqı var: Rusiyanı əməkdaşlığa cəlb etmək bacarığı. Əgər Pekin doğrudan da birbaşa və ya dolayı yolla atəşkəs barədə danışıqlar apara bilsə, bu, Çin hökumətinin geosiyasi mövqeyi üçün möcüzələr yarada bilər. Qətl və dağıntıları dayandırmaqla Çin həm Qlobal Cənubda, həm də bir çox Avropa ölkələrində qeyd olunacaq. Pekin Rusiyanı dəstəklədiyinə görə ABŞ və Avropadan da az tənqidlə üzləşəcək”, – deyə ekspert əlavə edib.

“Hərbi əməliyyatlarda hər hansısa fasilə Rusiya ordusunun güclənməsinə, yenidən özünə gəlməsinə mane olmadığı və münaqişə tam olaraq həll edilmədiyi üçün ABŞ yenidən Ukrayna cəbhəsinə diqqət ayırmalı olacaq ki, bu da onun Asiya-Sakit okean regionuna daha az diqqət ayıra bilməsinə səbəb olacaq. Atəşkəs olacaqsa, Qərb Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Bu isə Rusiyanın Çin tərəfdə qalması demək olacaq”, – deyə analitikin məqaləsində qeyd olunub.

Rafi Müslümov

COP29