Ötən gün Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Sibel Canın solo konserti baş tutub .
Yenicag.az News24.az-a istinadən xəbər verir ki, konsert “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə keçirilib.
Konsert aparıcı Nanə Ağamalıyevanın zalda əyləşən qonaqları salamlaması ilə başlayıb. Aparıcı əvvəlcə xanımları bayram münasibətilə, eləcə də doğum günü 8 marta təsadüf edən xanımları, xüsusi olaraq, iş xanımı Ruhi Əliyevanı təbrik edib.
Tamaşaçıları intizarda qoymaq istəməyən N.Ağamalıyeva Sibel Canı səhnəyə dəvət edib. İfaçı azərbaycanlı pərəstişkarları üçün ilk olaraq “Senden başka kimsem yok” adlı mahnısını oxuyub. Ardından ifaçı konsertdə həm yeni, həm də illərdir dillərdən düşməyən mahnılarını ifa edib. Onların sırasında “Kuyu”, “Beş dakika”, “Berivanım”, “Padişah” və bir sıra mahnılar yer alıb.
Sibel Can konsert ərzində 3 libas dəyişib. Geyimlərdən biri tanınmış azərbaycanlı modelyer, “A Glamour”un rəhbəri Afaq İsmayılzadə imzasını daşıyıb. Ard-arda bir neçə mahnı səsləndirən ifaçı səhnədə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyevanı ad günü münasibəti ilə təbrik edib: “İllər sonra hüzurunuzda olmaq böyük şərəfdir. Canım Ruhi xanım, sizə təşəkkür edirəm. Sayənizdə məni sevənlərlə bir aradayam. Sənin ad gününü təbrik edirəm. Sənə nə qədər təşəkkür etsəm, azdır. Qarşınızda olmaq böyük zövq verir. Musiqini bilən, alqışlamağı bacaran dinləyici çox qiymətlidir”.
Sibel Can repertuarında Azərbaycan mahnılarına da yer ayırıb. O, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını tək, “Ayrılıq” mahnısını isə “O səs Türkiyə” layihəsində tələbəsi olmuş həmyerlimiz Mehman Tağıyevlə duet oxuyub.
İfaçı səhnədə bundan öncəki Bakı səfərlərində şəhəri gəzmək imkanının olmadığını da etiraf edib:
“Bütün sənətçi dostlarım daxil olmaqla, eyni şeyləri yaşayırıq. Konsert proqramı bitdikdən sonra dincəlmədən çıxıb gedirik. Xüsusi olaraq oğluma təşəkkür edirəm. Çünki o, Bakını görmədiyini və gəzmək istədiyini bildirdi. Ona görə də bir gün öncə gəldik. Mənim də iş qrafikim uyğun olduğu üçün çox sevindim. Sevgili Ruhi məni çox gözəl gəzdirdi, qonaq etdi. O mənim könlümün kraliçasıdır. Hər kəs bilir ki, Azərbaycan mənim evim kimidir. Ailədən biriyəm. Burada məni çox sevirlər və bu qarşılıqlıdır”.
Konsert zamanı ifaçı səhnədən enərək, tamaşaçıların yanına gəlib. Bu zaman isə zalda əyləşənlərin ifaçıya olan sevgisi izdihama səbəb olub. Hər kəs Sibel Cana toxunmaq və onunla şəkil çəkdirmək istəyib.