“Sibirin Gücü” “Şimal axını”na qarşı – Layihə əvəzlənə bilər

Çin və Rusiya arasında tikintisi planlaşdırılan “Sibirin Gücü-2” boru kəməri “Şimal axını-2”ni əvəz edə bilər.

Yenicag.az “Sozcu”yə istinadən bildirir ki, bununla bağlı Səmərqənddə Rusiyanın “Rossiya-1” dövlət kanalına müsahibə verən Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Layihənin “Şimal axını-2” boru kəmərini əvəz edə biləcəyi ilə bağlı sualı cavablandıran Novakın sözlərinə görə, bu fonda illik gücün 50 milyard kubmetr olması planlaşdırılır. O, Rusiya və Çinin yaxın vaxtlarda “Sibirin Gücü-2” layihəsi ilə bağlı müqavilə imzalayacağını bildirib.

Sibirdəki yataqlardan çıxarılan təbii qazın Rusiyadan başlayaraq Monqolustandan keçməklə Çinə çatdırılması planlaşdırılan “Sibirin Gücü-2”nin layihələndirmə prosesinə 2020-ci ilin sentyabrında başlanılıb.

Rusiya qazının Baltik dənizi ilə Almaniyaya nəqli nəzərdə tutulan “Şimal axını-2” layihəsinin isə tikintisi başa çatsa da, sanksiyalara görə istifadəyə verilə bilməyib.

Gülşən