Bakıda antisanitar şəraitdə şirniyyat istehsalı və satışı ilə məşğul olan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyindən Yenicag.az-a daxil olan məlumata görə, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən “Gəncə Cake House”la bağlı yayılmış videoya əsasən qurum tərəfindən araşdırma aparılıb.
Araşdırmalar zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib. Bundan başqa, laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.