Qadınlara qarşı zorakılıq halları cəmiyyətin bir nömrəli bəlalarından biridir. Bu cür iyrənc əməllər istər dünya mediasının, istərsə də ölkə mediasının əsas gündəm mövzularından birinə çevrilib. Tez-tez mətbuatda “zorlandı”, “öldürüldü”, “işgəncə verildi” xəbərlərinə rast gəlirik. Belə olduğu halda bu proseslər qadın hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır.
Hətta bununla bağlı 2010-cu ildə yeniyetmələri və qadınları zorakılıq və hüquqlarının pozulması hallarından qorumaq üçün mühafizə orderləri də tətbiq olunnmuşdu. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə yaxınlaşmasına və yenidən ona qarşı zorakılıq törətməsinə icazə verilmir. Order sahibi olan qadın özünə şəxsi mühafizəçi tuta bilər. Həmin mühafizəçi zorakılıq törədən şəxsə qarşı sonradan hər hansısa bir xəsarət yetirərsə, ona qarşı cinayət işi açılmır.
Qısamüddətli, yəni 30 günlük mühafizə orderləri yerli icra hakimiyyəti orqanları, 30 gündən 180 günədək olan uzunmüddətli orderlər isə məhkəmələr tərəfindən verilir.
Bəs görəsən işgəncəyə məruz qalan qadınlar hansı tədbirləri görməlidir? Tətbiq olunan mühafizə orderləri bu cür halların qarşısını alırmı?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, bu kimi hallarda qadınlar müəyyən aidiyyatı qurumlara müraciət etməli və sığınacaqlarla təmin olunmalıdır:
“Qadınların özləri də belə hallarda çalışmalıdır ki, baş verən konfliktləri aradan qaldırsın. Bizim cəmiyyətdə belə bir problem də var ki, zorakılığa məruz qalan qadın mütəxəssisə müraciət etmir. Əksinə, onlardan uzaq dururlar, yəni mütəxəssis rəyinə önəm verilmir. Çünki mütəxəssis iki şəxs arasında yaranan mübahisəni aydınlaşdırmaq üçün üçüncü bir şəxs olaraq məsələnin həlli yolunda əhəmiyyətli rol oynayır. Daha sonra icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən qadın komissiyaları var. Burada gender bərabərliyinin pozulması məsələlərinə də baxılır. Müraciət edərək, öz problemlərini deyə bilərlər. Əgər təhlükə varsa, burada əsas məsuliyyəti hüquq-mühafizə orqanları daşıyır. Həmçinin, onlar sığınacaqlarla da təmin oluna bilərlər”.
Mühafizə orderlərinin tətbiqi barəsində də söhbət açan Mehriban Zeynalova hələ ki, onun tətbiqinin effektiv olmadığını bildirib:
“Bizdə qısamüddətli mühafizə orderləri xarici ölkələrdəki kimi evdən uzaqlaşdırma yox, sadəcə, xəbərdarlıq məqsədi daşıyır. O xəbərdarlıq da icra hakimiyyətinin sənədi əsasında formalaşır. Bunun nə dərəcə də əhəmiyyəti olub-olmadığını deyə bilmərəm. Ancaq onu bilirəm ki. tətbiqin əhəmiyyəti elə də effektiv deyil. Məsələn, ölkədə ilk olaraq, bizim ictimai birlik 2011-ci ildə uzunmüddətli mühafizə orderinin tətbiqi barəsində məhkəmə qərarı alıb. Amma onun icrası məsələsini reallaşdıra bilmədik”.
Elvin Paşazadə