!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sığınacağa sığınmış əlacsız qadınların acı taleyi – Repotraj+FOTOLAR

!Reklam – Yazi

Bəzən həyat bizi çox böyük sınaqlara çəkir. Hər şey istədiyimiz kimi olmur. Hərəmiz bir taleyin yükünü daşıyır və yaşayırıq.

Beləcə, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə üz tutub, ora sığınan qadınlar üçün həyatın heç də asan keçmədiyini, necə əzablarla düçar olduqlarını öz gözlərimizlə gördük. Onlardan kimisinin sevgiyə, kimisinin isə qayğıya ehtiyacı var. Hətta işə, pula, normal yaşayışa ehtiyacı olanlar da az deyil. Bir sözlə, burda ehtiyac hakim, qadınlar isə onun quludur. Biz də həyata bir neçə saatlıq onların gözü ilə baxmaq istədik.

Hər qadının özünəməxsus çətin və problem dolu həyat hekayəsi var…

Biz ora gedəndə axşam vaxtı idi. Birtəhər olsa da həmin yeri tapdıq və sığınacağa daxil olduq. Bizi qarşılayan Gülnar adlı xanım bizi sığınacağa sığınmış qadınların yanına apardı. Biz pilləkənləri qalxanda, bizimlə üz-üzə gələn balaca qız aşağı düşüb qaça-qaça otaqların birinə girdi. Gülnar xanımdan təəccüblə sığınacaqda balaca uşaqların haradan olduğunu soruşdum. Onunsa fikri qaçan balaca qızda qalmışdı. Ona “Ulduz, qaçma, yıxılarsan”, deyirdi. Nəhayət pilləkənləri düşüb geniş eyvana keçdik. Eyvan qadın və körpə uşaqlarla dolu idi. Onların hərəsi bir təfə çəkilmişdi. Kimisi uşağı ilə, kimisi toxumaqla, kimisi isə müxtəlif işlərlə başını qatırdı. Gülnar xanım və oranın digər xanım əməkdaşları bizi bir-bir sığınacağın otaqları ilə tanış etdilər. Sığınacağın təmiz və səliqəli yataq otaqları, mətbəx və geniş eyvanı var idi.

Otaqların birində Gülnar xanımla qısaca ordakı qadın və uşaqların ora nə üçün üz tutduqları haqda söhbət etdik. Söhbət zamanı xanım otağa 16 yaşlı Maşanı çağırdı (əsl adı Daradır, sığınacaqda isə ona Maşa deyirlər- red).

Maşa sanki nur saçıdı… Onun üzündəki o saflıq, təbəssüm, dodağındakı incə gülüş, yaşıl rəngli gözləri adamı özünə cəlb edir və ondan nəsə soruşmağa adamın dili gəlmirdi. O, çəkdiyi əziyyət və qəm-qüssəni daxili dünyasında gizlədərək, yalnız acı-acı gülümsəyirdi. Mənim fikrim yalnız onun qarışıq yığılan saçları və üzünün təbəssümünə yönəlmişdi. Gülnar xanım isə vaxtı uzatmadan Maşaya mənimlə həmsöhbət olacağını bildirdi:

– Maşa, narahat olma, nə varsa və bura necə gəlmisənsə, hər şeyi danış.

Maşa isə həzin səslə utana-utana:

– Anamın həbsxanada olmağını da deyim? – deyə soruşdu.

Gülnar da “Hə, denən, mən çıxıram siz söhbətinizi edin”, – deyib otaqdan çıxdı.

Mən isə vaxt itirmədən diqqətimi Maşaya yönəldib onunla söhbətə başladım:

– Maşa, sənin adın və soyadın nədir, valideynlərin kimdir, niyə sənə Maşa deyirlər?

Maşa üzümə baxır, gülümsünür, hiss edirəm ki, danışmaqdan çəkinir. Başını aşağı dikir.

-Utanma, danış…

Maşa bir az ürəklənib sakit səslə danışmağa başlayır:

– Adım Daradır, amma Maşa deyirlər. Soyadım Usova. Atamın adı Andrey, anamın isə Lenadır.

– Neçə yaşın var sənin?

– 16 yaşım var.

– Maşa, necə olub ki, sən bu sığınacağa gəlmisən, valideynlərin burda olduğunu bilir?

– Qalmağa yerim olmadığı üçün bura gəldim. Atam anamdan mən uşaq ikən ayrılmışdı. Anam, qardaşım və mən anamın evində qalırdıq. Atam isə hansısa rayonda qalır. Hazırda heç bir məlumatım yoxdur. Atam bizimlə heç vaxt maraqlanmırdı, mən onun yanına gedəndə dəfələrlə onunla dalaşmışam. Çünki o içirdi, mən də içdiyinə görə onunla dalaşırdım.

– Qardaşın və anan haradadır?

– Anam da atam kimi alkoqol içki aludəçisi idi. Onun bir dostu var idi həmişə o bizə gəlir və anamla içməyə başlayırdı. Qardaşımla anamın hər dəfə içki üstündə sözləri çəpləşirdi. Çünki anamın içki içdiyi dostu içkinin təsiri altında qardaşımla məni döyməyə başlayırdı. Hətta dəfələrlə qardaşımla mən anamı və o dostunu polisə vermişdik. Amma heç bir tədbir görülmürdü. Onlar bundan qıcıqlanıb bizi dah da bərk döyürdülər. Sonuncu dəfə mən dərsdən gələndə… (bir neçə dəqiqə susur və gözləri dolur, sonra davam edir söhbətə – red). Gəldim, gördüm ki, anam qardaşımı asıb, öldürüb. (əlin üzünə sıxır, göz yaşlarını ovucunda gizlətməyə çalışır)

– Bəs, anan indi hardadır?

– Qardaşımı öldürdüyü üçün anam həbs olundu və ailəmizin ikinci dəfə dağılması da burdan başladı. Anama qardaşımın ölümünə görə 15 il iş verdilər.

– Maşa, qardaşın öldükdən sonra sən harada və kiminlə qaldın?

– Anam tutulandan sonra 3 il ögey bacımla yaşadım (ögey bacısı anasının birinci ərindən olan uşağıdır). Üç il ərzində bacım mənə çox əziyyət verirdi, heç anamdan geri qalmırdı. Bir gün o əziyyətlərdən bezib qaçmışdım. Polis tapıb məni onlara qaytarmışdı. Axrıncı dəfə qaçanda isə polis atamı tapıb məni ona verdi. Bir il atamla qaldım, o da anam kimi hər gün içirdi, amma tək içirdi. Mən də dalaşırdım onunla.

Maşa ilə söhbət zamanı sığınacaqda qarşımıza çıxan balaca Ulduz qapını açır və içəri keçir. Maşa isə “Ulduz, çıx, söhbət edirik” deyir. Ulduz gülərək otaqdan çıxır və biz davam edirik:

– Atamla Masallıda yaşadım. Sonra Bakıya gəldik və mən ondan bezib evdən çıxdım. Qara Qarayevə getdim ki, özümə yaşamağa kirayə ev tapım, bir az pulum var idi, bir neçə gün idarə edə bilərdim. Çünki ev tapıb işləmək istəyirdim. Orada bir qadınla rastlaşdım, o qadın 1-2 gün məni öz evində saxladı və daha sonra onun rəfiqəsi məni bu sığınacağa gətirdi. O, başıma gələnləri mənimlə bərabər danışdı və mən sentyabrın 21-dən artıq burada yaşayıram. Bura gəldikdən sonra özümə şəxsiyyət vəsiqəsi almışam və Mehriban ana məni 246 saylı məktəbə təhsilimi davam etmək üçün düzəldib. Hazırda 10-cu sinifdə oxuyuram. Burada mənə yaxşı baxırlar, narazılığım yoxdur.

– Maşa, bu qədər çətinliklər, evdən öz başına çıxıb getmək, ananın həbsi… Sən azyaşlı bir qız. Qorxmurdun ki, birdən başına nəsə pis iş gələr?

– Qorxurdum, amma bezmişdim həyatımdan (başını aşağı salır və düşünür- red)… Çünki mənim 12 yaşım olanda anam qardaşımı öldürdü və mən tək qaldım. 4 ildir sərgərdan gəzirəm küçələrdə. Nə ata yiyə durur, nə ögey bacı, nə də başqa sahibim var. Qardaşımdan başqa mənə heç kim baxmırdı, anam da onu məndən ayırdı. Qardaşım həm oxuyub, həm də işləyib məni saxlayırdı. Onun qazandığı pulu da anam alıb dostu ilə yeyib-içirdi.

– Maşa, anan və ya atan bilirmi sən burdsan?

– Anam bilmir, çünki onunla əlaqəm yoxdu. Atamın da telefonuna zəng çatmır.

– Ananın yanına getmisən, onu bağışlayarsan nə zamansa?

– Yox, getməmişəm, yalnız məhkəmədə görürdüm. Bilmirəm, onu necə bağışlaya bilərəm. Əgər anam əməlindən peşmandırsa və dəyişibsə, onu bağışlayaram.

– Maşa, məktəbi bitirdikdən sonra nə etmək fikrindəsən, gələcək planların nədir?

– Ali təhsil alıb dizayner olmaq istəyirəm.

– Maşa, başqa deyəcəyin yoxdursa sağollaşaq…

Uzun-uzadı üzümə baxır və diqqətini üzümdən çəkmir. İri, yamyaşıl gözlərindən od çıxır, bulud kimi dolub, yağış kimi yağmaq istəyir. Hiss edirəm ki, demək istədiyi çox söz var, amma nədənsə çəkinir, qorxur. Sonra fikrimi yayındırmaq üçün əllərini bir-birinə sıxıb, incə barmaqların ayağının arasında gizlətməyə çalışır. Və danışır…

– Bilmirəm nə deyim, nə bilim… Susmaq daha gözəldi.

Maşa sözünü bitirib otağı tərk etdi. Biz hazırlaşıb çıxmaq istəyəndə qarabəniz, boyu bəstə bir xanım bizə yaxınlaşdı:

– Xanım, ürəyim doludur, sizinlə dərdləşmək istəyirəm…

Mənsə buyurun, nə deyəcəyiniz varsa, danışın, deyirəm. Mənim sözlərimdən daha da ürəklənib danışmağa başlayan Ramilənin həyat hekayəsi olduqca çətin və ağrılıdır…

– Adım Ramilədir. 23 yaşım var, əslən Masallı rayonundanam.

– Ramilə, nədir problemin, bəs sən necə olub bura gəlmisən?

-Heç bilmirəm nədən başlayım (üzünü körpə qızına tutur və gözündən yaş axır- red). Bura gəlməyimə səbəb dolanışığımın çətin olmasıdır. Mən iki dəfə ailəli olmuşam. İlk dəfə 15 yaşımda atam məni öz doğma əmim oğlu 28 yaşlı Rafətə ərə verdi. O da məndən əvvəl 2 dəfə evli olub. Birinci ailəmlə 8 il bir yerdə yaşamışam, 2 qızım var, (sözünü bitirməmiş hönkürtü ilə ağlayır-red)

– Bu uşaq ikinci həyat yoldaşındandır?

– Bəli, 10 gündür burdayam. Məni bura ikinci həyat yoldaşım Ruslan özü gətirib. Çünki vəziyyətimiz çox çətindir, kirayə pulunu ödəyə bilmirik. Dəfələrlə evdən qovulub küçələrdə qalmışıq, uşağım ac qalıb. (susur- red)

– Birinci həyat yoldaşından niyə ayrıldın?

– O mənə xəyanət edirdi. Gedirdi Rusiyaya birinci ailəsi ilə orada yaşayırdı, məni kənddə atırdı. Gələndə də məni döyüb, təhqir edirdi. Çox bezmişdim, bezdiyimə görə də Ruslana qoşulub qaçdım.

– Ramilə, Ruslanla necə tanış olmuşdun. Axı sən ailəli qadın idin?

– Ruslan əslən Zərdab rayonundandır. Mən Rafətlə Bakıda öz evimizdə qalırdıq. Bir dəfə salona gedəndə Ruslan məni orada görmüşdü və arxamca düşüb nömrəsini vermişdi. Evdə darıxırdım, bir dəfə götürüb Ruslana zəng elədim və dedim ki, nömrəni verdiyin gəlinəm. Bundan sonra da başladıq bir neçə ay telefonda danışmağa. Sonra elə oldu ki, mən və Rafət Rusiyaya gedəsi olduq, 4 il orada yaşadıq. 4 ildən sonra gəldik Azərbaycana və Masallıda qaynatamgilnən qalası oldum. Bir müddət keçdikdən sonra mən yenə Ruslana zəng etdim və 1-2 ay telefonda danışdım. Həyat yoldaşımdan da bezmişdim, çünki mənə gözüm görə-görə xəyanət edirdi, döyürdü, alçaldırdı məni. Mən də bunların hamısını Ruslana danışırdım. Ruslan da qərar vermişdi ki, məni qaçırdacaq. Elə oldu ki, mən Ruslanla qaçası oldum. 2 ildir ki, onunla ailəliyəm.

– Ruslanın ailəsi bilir onun səni qaçırtdığını?

– Bəli, bilir, ancaq qəbul etmir. 2 il ərzində bir dəfə anası bizi rayona çağırdı. Biz də getdik, anası məni hədələməyə başladı və “oğlumdan əl çək, ondan sənə yar olmaz” dedi. Mən onun oğlunu məcburən yanımda saxlamamışam, onun oğlu sevir məni. Sevməsəydi mənimlə nikah bağlamazdı axı. Mən onun qanuni ailəsiyəm. Ancaq onun ailəsi yenə də məni qəbul etmir. Mən ailəli, onun oğlu isə subay olub, budur əsas problem.

– Rafətin səni döyməsindən gileylənirsən. 2 il ərzində Ruslan döyməyib heç səni?

– O da döyüb. Hər dəfə ailəsi ilə danışandan sonra mən döyüb.

– Ruslan da döyübsə, niyə ondan qaçmırsan?

– Artıq bir dəfə səhv edib özümü bədbəxt eləmişəm (ağlayır, göz yaşlarını saxlaya bilmir- red). İstəmirəm ikinci dəfə adım çıxsın. Birinci həyat yoldaşımla heç kəbinim də yox idi, amma Ruslanla nikaha girdim ki, deməsinlər “saxladığı qadın”, desinlər “həyat yoldaşı”.

– Rafətin və valideynlərinin Ruslanla qoşulub qaçdığından xəbərləri var?

– Valideynlərimin var. Atam hətta dəfələrlə bizə qonaq da gəlib, amma anam mənimlə danışmır. Axrıncı dəfə atam bizə gələndə Ruslan dava saldı və atam getdi. O gedəndə mənə dedi ki, sən adda bizim qızımız yoxdu, get özünü də, övladını da öldür (ağlayır- red).

– İki qızın var dedin. Onlar haradadır?

– Ruslanla qaçanda onları da götürmüşdüm özümlə. Sonra polislər qızlarımı məndən alıb atasına təhvil verdilər. Elə darıxıram ki, onlardan ötrü, amma üzüm yoxdu onların yanına getməyə. Çünki elə səhvə yol vermişəm ki, onların üzünə necə baxım, nə deyim, özüm də bilmirəm. Həyatımı məhv etmişəm.

– Bəs Ruslan səni belə xoşbəst etdi?

– Yox… (başını aşağı salır və saçları ilə üzünü örtür-red)

– Xoşbəxt etməyibsə, niyə hələ də onun yanına qayıtmaq fikrindəsən?

– Mən artıq məcburam ona dözməyə, çünki mənim ondan övladım var. Əminəm ki, məni sevir.

– Səncə, sevgi hər şeyi həll edir?

– Xeyr… Qızlarım üçün darıxıram, onları unuda bilmirəm. Ruslanla qaçıdığıma görə isə çox peşimanam. Utanıram, çox utanıram. Bunların hamısı mənim cəzamdır (ağlayır-red).

Sonda sığınacağın rəhbəri Mehriban xanım Zeynalova ilə görüşüb ona təşəkkür edik və sığınacaqdan ayrıldıq.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

1804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv