!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sığınacaq yoxsa boş zirzəmi? - Hərbi sığınacaqlar niyə inşa edilmir ?

!Reklam – Yazi

Azərbaycanın müharibə şəraitində yaşaması, bölgədə və dünyada baş verən proseslər mülki müdafiə, bomba sığınacaqlarını gündəmə gətirir.

Azərbaycanın güclü ordusu var, ancaq mülki müdafiə sığınacaqları demək olar ki, yoxdur. ABŞ-ın, Rusiyanın, Çinin, Türkiyənin çox güclü ordusu olduğu da heç kimə sirr deyil. Ancaq adı çəkilən bu və digər dünyada söz sahibi olan dövlətlər bomba sığınacaqları inşa edir. Nəinki adi döyüş, hətta atom bombalarından sığınmaq üçün bunkerlər tikirlər.

Bəs Azərbaycanda vəziyyət necədir? Bir kəlmə ilə acınacaqlı deyə bilərik.

Sovetlər dövründən sonra Azərbaycanda bomba sığınacaqları inşa edilibmi? Rəsmilərə müraciət edən zaman hündürmərtəbəli binaların zirzəmilərini və bəzi metro stansiyalarını misal çəkirlər. Ancaq bomba sığınacaqları təkcə quru zirzəmidən ibarət olmamalıdır. Bəs orada insanların yaşaması üçün nələr var? Heç nə!

Azərbaycanın paytaxt və digər bölgələrində bunun olmadığını bildik, bəs, cəbhə bölgəsində vəziyyət necədir? Oradan danışmağasa dəyməz…

Yenicag.az xəbər verir ki, 2 il öncə aprel döyüşləri zamanı insanlar bombadan qorunmaq üçün ancaq mərminin çatmayacağı yerlərə üz tutmuşdular. Bu isə təxribat, çaxnaşma üçün əsl münbit şərait yaradır. Kəndlərdə bomba sığınacaqlarının tikilməsinə çox ciddi ehtiyacın olduğu sirr deyil.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a danışıb:

“Fövqəladə Hallar Nazirliyinin əsas işlərindən biri də məhz bu tipli sığınacaqların inşa edilməsi olmalıdır. Cəbhəboyu ərazidə və digər yerlərdə mütləq bomba sığınacaqları tikilməlidir. Müharibə vaxtı insanlar özləri yerlər qazıb, üzərinə beton piltələr düzdürüb, orada gizlənə bilirdilər. Hazırda ölkənin hər yerində tikintilər gedir, ancaq buna fikir verən yoxdur. Binaların hamısının altında zirzəmi var, ancaq onlar hamısı maşın dayanacağı kimi fəaliyyət göstərir”.

Ermənilərin cəbhə boyu bomba sığınacağımızın olmadığını bilməsini dilə gətirən hərbi ekspert qeyd edib ki, buna görə də, aprel döyüşlərində məxsusi olaraq kəndlərimizi vururdular:

“Düşmən bilir ki, dinc əhalinin qaçıb gizlənə biləcəyi yeri yoxdur. İnsanların yollarda qalması isə panikaya səbəb olur. Elə buna görə də, “kəndlər boşaldıldı” kimi xəbərlər yayılırdı və bütün ölkə bu tipli xəbərlərin təsiri altına düşürdü. Bizdə olan kəşfiyyat məlumatına görə, erməni tərəfi bununla bağlı işlər görüb”.

Tərlan Eyvazov bu işə cavabdeh olan qurumların işinə məsuliyyətlə yanaşmalı olduğunu vurğulayıb:

“Nəinki cəbhəyanı bölgədə, heç paytaxtda və digər bölgələrdə də mülki müdafiə sığınacaqları inşa edilmir. Sığınacaqlara təkcə karantin zamanı deyil, təbii fəlakət zamanı da ehtiyac var. Biz başımız daşa dəydikdən sonra düzəlməyə öyrəşmişik.”.

Səxavət Məmməd

www.yenicag.az

2839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv