“Bəzi hallarda vətəndaşların sığortanın müddətinin bitməsindən xəbəri olmur”.
Bunu Yenicag.az-a açıqlamasında sığortasız avtomobil idarə edən şəxslərə qarşı hansı tədbirlərin görüldüyü ilə bağlı fikirlərini bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, icbari sığorta olmadan avtomobili idarə etmək qanunla qadağan edilsə də, bəzi şəxslər bu qaydanı kobud şəkildə pozur.
“Xüsusən qazilərə aid avtomobillərin üzərində yüksək məbləğdə cərimələr olmasına rəğmən ödənmir, hətta sürücülük hüquqları belə məhdudlaşdırılmır. Bu və digər səbəblərdən avtomobili sığortasız idarə edən şəxslər var. Bəzi hallarda isə vətəndaşların sığortanın müddətinin bitməsindən xəbəri olmur. Məlumatsızlıqdan nəqliyyat vasitəsini idarə etdiyinə görə isə cərimə gəlir. Əgər sığortası olmayan avtomobillə qəza törənibsə, zərərçəkən tərəf haqqını yalnız DYP-dən sənəd və sübut almaqla məhkəmə vasitəsilə tələb edə bilər”, – deyə nəqliyyat eksperti bildirib.
Qeyd edək ki, sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilib. Ötən ilin martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq.
Nəsimi Ələsgərli