“Hər bir şəxsin silahdan istifadə edə bilməsi o ölkənin bilavasitə müdafiə qüdrətinin artırılmasına xidmət edir”.
Bu sözləri Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilməsini Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
Onun sözlərinə görə, dünyanın hər yerində olan qanunun Azərbaycanda da həyata keçirilməsi normal haldır:
“Təbii ki, kriminal keçmişi, psixoloji problemləri olan adamlara silah satılmayacaq. Hər kəsin özünü, ailəsini, şəxsi mülkini qorumaq hüququ var. Silah saxlamaq hüququ dünyanın bütün sivil ölkələrində var. Azərbaycanda da normal haldır. 80-ci illərin sonunda bizim başbilənlərimiz Moskvanın sözünə baxıb ov tüfəngini belə əhalidən yığışdırdılar. Ancaq Ermənistanda, Qarabağdakı ermənilərdə o silahlar qaldı, o da Azərbaycanı çətin vəziyyətdə qoydu. Rusiya Ukrayna müharibəsinin ilk dönəmində Ukrayna rəhbərliyi Kiyevi qorumaq üçün inzibati orqanların nəzarəti altında əhaliyə silah payladı. Göründüyü kimi, bu da əhalini kriminala sürükləmədi. Kriminal aləm onsuzda silahı bir yolla ala bilir. Ümumiyyətlə, insanların evində silahın olması özünü və ailəsini qorumaq immunitetini gücləndirir. Haradasa kriminalın insanların özünə və mülkinə qəsd etməsinin qarşısını ala biləcək bir faktdır”.
Hərbi ekspert bildirib ki, Azərbaycanda atış mərkəzlərinin sayının artırılmasına da ehtiyac var:
“Azərbaycanda məhdud sayda atış məntəqələri var. Oraya hər kəs buraxılmır. Hər bir şəxsin silahdan istifadə edə bilməsi o ölkənin bilavasitə müdafiə qüdrətinin artırılmasına xidmət edir. Əgər silah satılacaqsa, atış mərkəzlərinin də olması vacibdir”.
Səxavət Məmməd