“Silahımız bitsə, kürəklə döyüşəcəyik” – Ukrayna XİN

Ukraynanın xarici işlər naziri Kuleba kürəklə döyüşmək niyyətindən danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Amerikanın ABC News telekanalına bildirib. Nazir xəbərdarlıq edib ki, ABŞ Konqresinin Kiyev ordusuna hərbi yardımın maliyyələşdirilməsinə dair yeni sazişi qəbul etməsi üçün “vaxt daralır”.

“Zaman daralır, amma bizim qətiyyətimiz və ölkəmizi qorumaq istəyimiz bitmir. Silahımız bitsə, kürəklə döyüşəcəyimizi deyəndə çox ciddiyəm. Çünki artıq ölkənin mövcudluğu təhlükədədir”, – o deyib.

Ukrayna hərbi-sənaye kompleksi artilleriya sursatlarının istehsalında böyük çətinliklərlə üzləşib. Bu barədə yanvarın 14-də ölkənin strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın 11-də keçirdiyi brifinqdə bildirib ki, ABŞ Konqres davamlı maliyyələşdirmə tələbini təsdiqləyənə qədər Ukraynaya odlu silah və hərbi texnika tədarükünü dayandırıb.

Kiyevə verilən son 250 milyon dollarlıq hərbi yardım paketinə döyüş sursatları və hava hücumundan müdafiə vasitələri, raketlər, artilleriya mərmiləri və tank əleyhinə silahlar, həmçinin 15 milyondan çox patron daxildir.

Xuraman Etibarlı

COP29