!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yunanlar Kiprdə türkləri qırırdılar, Bərzani isə..." - QKTC naziri Özdemir Berova

!Reklam – Yazi

Şimali Kipr Türk Respublikasının təhsil naziri Özdemir Berova Yenicag.az-a müsahibəsində ikitərəfli münasibətləri və regionda cərəyan edən ciddi prosesləri dəyərləndirib.

– Cənab nazir, Azərbaycana ilk səfərinizin təəssüratları necədir?

– Bakıda – bu gözəl türk diyarında çox inkişaf etmiş bir modern Avropa şəhəri gördüm. Adamları doğrudan çox istiqanlıdır. Bilirsiniz ki, insanlar arasında ünsiyyətin ən əsas şərti dildir. O baxımdan, dilimiz eyni olan Azərbaycan türkləri ilə ünsiyyət, münasibət qurmaq, Kıbrısdakı mövcud vəziyyətlə bağlı məlumatları onlara çatdırmaq imkanımız oldu. Eyni zamanda, onlardan da Azərbaycanla bağlı məlumatlar alıb, qardaş ölkənin aktual məsələlərini öyrəndik.

Yəni bu, çox məhsuldar bir səfər oldu.

Təbii, ölkələrimiz və insanlarımız arasında belə səfərlərin artaraq, davam etməsinin vacibliyi qənaətindəyəm. Sevinərək öyrəndim ki, son illərdə Azərbaycanda xüsusilə turizm sahəsində ciddi inkişaf gedir. Şimali Kiprdə iqtisadiyyatın əsas sahələri sırasında turizm və ali təhsil xüsusi yer tutur. Ona görə də bu iki gözəl ölkənin əsasən, turizm sahəsində əməkdaşlıq üçün qarşılıqlı imkanlarının olduğunu düşünürəm.

Təhsil sektoruna gəldikdə isə hazırda Şimali Kipr Türk Respublikasında Azərbaycandan təqribən 500 tələbə təhsil alır. Həmçinin, Azərbaycandan olan çox sayda müəllim bizim universitetlərdə dərs deyir. Əminəm ki, ölkələrimizin insanları ən qısa vaxtda daha da qaynayıb-qarışaraq, çox sıx əməkdaşlıq edə bilərlər. Belə gözəl bir ölkəyə gəlməyimdən çox məmnunam.

– İraqdakı kürd muxtariyyatında keçirilmiş referendumu və onun gətirəcəyi mümkün nəticələri dəyərləndirərdiz…

– Təbii ki, şimali İraqda keçirilmiş bu referendumu beynəlxalq hüquqa zidd olan, qonşu ölkələrin neqativ nəticələrlə bağlı xəbərdarlıqlarına baxmayaraq, gerçəkləşdirilmiş bir aksiya kimi qiymətləndiririk. Bu referendumun nəticələrinin bölgə üçün faydalı olacağına inanmırıq. İnşallah, bundan sonrakı proseslərdə referendumu keçirənlər öz mövqelərində israr etməzlər.

Çünki Türkiyəmizin də Ankara müqaviləsinin şərtlərinə uyğun olaraq, İraqın ərazi bütövlüyünün qorunmasında, əsas da şimali İraqla bağlı məsələdə xüsusi anlaşması var.

Eyni zamanda, çox sayda türk soylu insanlarımız o bölgədə yaşamaqdadırlar və bu üzdən həmin bölgənin idarəçilərinin verdikləri yanlış qərardan geri çəkiləcəklərinə ümid edirəm.

– Şimali Kiprin tanınması məsələsində çox səs-küy salan Qərb dövlətlərinin şimali İraqdakı bu referenduma səssiz qalmalarına münasibətiniz necədir?

– Deyim ki, bu iki məsələnin hər birinin çox fərqli cəhətləri var. Məsələn, Kiprdə Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına qədər bir ortaq dövlət olan Kipr Respublikası vardı. Türk Respublikasının qurulması adadakı türklərin incidilməsindən sonra yaranan hadisədir, çünki bir vaxtlar kiprli yunanlar adadakı türkləri oradan qovmaq, yox etmək üçün hərəkətə keçmişdilər. İndiki Kipr Respublikası 1968-ci ildəki dövlət deyil. Çünki kiprli türklər Cümhuriyyətin qurulmasından üç il sonra diskriminasiyaya məruz qaldılar və 1963-cü ildə müxtəlif ərazilərə sıxışdırılaraq, məhv olmağa məhkum edilmişdilər. Ancaq 1974-cü ildə son həmləyə hazırlaşan Yunanıstanla birlikdə Kiprdə dövlət çevrilişi həyata keçirtdilər. O zaman Yunanıstanda hərbi xunta hakimiyyətdə idi və Kipr türklərini tamamilə yox etməyə yönələn addımlar atırdı.

Lakin Ana Vətənimiz olan Türkiyə hər zaman olduğu kimi bizi tək buraxmadı və kiprli türkləri bu əsarətdən qurtararaq, yenidən toparlanmağımıza yardım etdi və növbəti proseslərdə Şimali Kirp Türk Cümhuriyyətinin qurulmasına aparan yolu açdı.

Ancaq şimali İraqda isə tamamilə fərqli bir vəziyyətdir. Bərzani və silahdaşları bu qərarı verməklə hətta Şimali İraqın öz Konstitusiyasına zidd addım atıblar və konstitusion quruluşu dəyişməyə cəhd göstəriblər. Bu qanunazidd hərəkət nəticəsində içərisində türkmanlar və digər millətlərin olduğu bir bölgədə zorakı, sırıyıcı siyasət yürüdülməsinə çalışırlar.

Mən bunun Türkiyə ilə İran başda olmaqla, region dövlətləri tərəfindən qəbul edilməyəcəyi qənaətindəyəm. Bu, həm İraq, həm də o bölgənin insanları üçün də zərərli bir addımdır. Çünki şimali İraq iqtisadiyyatının əsasını Türkiyə üzərindən həyata keçirilən iqtisadi-ticari fəaliyyət təşkil edir. Bu fəaliyyətlərin kəsilməsi o bölgədəki insanların rifahına mənfi təsir göstərəcək. Ona görə də düşünürəm ki, inşallah, bu yanlış qərardan geri addım atarlar.

A.Zeynalov

www.yenicag.az

1800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv