Şimali Kiprin keçmiş naziri: “Heydər Əliyevin ardıcıl siyasəti ilə əkdiyi toxumların bəhrəsi…”

“Onun liderliyinin əsas istiqaməti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yönəlmişdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini Ümummilli lider Heydər Əliyevin vaxtı ilə əkdiyi toxumların bərpa verməsi kimi dəyərləndirən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) keçmiş xarici işlər naziri Qüdrət Özersay deyib.

Sabiq nazirin sözlərinə görə, bir əsrdə doğulub, digər əsrdə də sayğı ilə xatırlanan dövlət başçılarının sayı çox azdır:

“İndi Qarabağın azad olunmasının, Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsinin və bütün türk dünyasının sevinci fonunda Ulu Öndər Heydər Əliyev anılırsa, bu, onun həqiqətən də, lider olduğunun göstəricisidir.

Liderlik gələcəyi görməyi gərəkdirir. Bunu isə Heydər Əliyev çox yaxşı bilirdi. Çünki onun yüksək siyasi təcrübəsi, biliyi, dünyagörüşü vardı. Onun liderliyinin əsas istiqaməti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yönəlmişdi. Həmin istiqamətdə isə beynəlxalq dəstəyin, gücün çox vacib olduğunu bilirdi.

Məhz bu səbəbdən, Heydər Əliyev çıxış etdiyi bütün beynəlxalq kürsülərdən Ermənistanın təcavüzkar ölkə olduğunu dilə gətirir, Azərbaycan ərazilərini işğal altında saxladığını diqqətə çatdırırdı.

O, bu ardıcıl fəaliyyəti ilə Azərbaycanın gələcəkdə suverenliyini bərpa etməsi yolunda toxumlar əkdi. Həmin toxumlar cücərdi, böyüdü və yetişərək öz bəhrəsini verdi. Azərbaycan 30 illik həsrətdən sonra öz torpaqlarını erməni işğalından qurtardı.

Bu zəfərlə şəhidlərin qanı yerdə qalmadı, öldürülən minlərlə azərbaycanlının qisası alındı. Azərbaycanın bu uğuru türk dünyasının gələcəyi üçün yeni cığır açaraq, bütün türk dövlətlərini bir araya gəlməyə sövq etdi. Azərbaycan və Türkiyə qardaşlığı fonunda bütün türk dövlətləri bir olaraq “Bir millət, yeddi dövlət” prinsipi əsasında birləşməlidir”.

Nəsimi Ələsgərli

COP29