Şimali Kiprin prezidenti Orxan Həsənoğlunu qəbul etdi – FOTO

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və cəmiyyətin üzvləri professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar, professor Cavanşir Quliyev, həkim Bəxtiyar Məmmədov və azərbaycanlı gənc iş adamı Tural Əliyev Şimali Kipr Türk respublikasının prezidenti Ərsin Tatarın qəbulunda olublar.

Cəmiyyətin sədri Orxan Həsənoğlu əvvəlcə ölkə başçısını Şimali Kiprdə yaşayan soydaşlarımız adından təbrik edib. Cəmiyyət sədri bildirib ki: Şimali Kipr xalqının böyük bir hissəsinin siyasi iradəsi ilə seçkilərdə uğur qazanmağınız məqsədi ilə Sizi bir daha təbrik edirik. Hər iki ölkə xalqları arasında qarşılıqlı münasibətlərimizin inkişafında dəstəyinizi əsirgəməyəcəksiniz. Bu gün ölkəmiz olduqca uğurlu hərbi əməliyyatları geridə qoyaraq Dağlıq Qarabağ müharibəsini zəfər ilə yekunlaşdırmışdır. Xalqımızın, əsgərlərimizin iradəsi və başda da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi-diplomatik cəsarəti sayəsində 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımız azad olunub. Bu nəticənin əldə olunmasında qardaş Türkiyə və Şimali Kipr xalqının mənəvi dəstəyini daim hiss etmişik.

Prezident Ərsin Tatar isə əvvəlcə qonaqları salamlayaraq bu görüşün təşkil olunması üçün cəmiyyətin sədrinə təşəkkür edib. Prezident vurğulayıb ki: Bizlər eyni millətin soydaşlarıyıq. Buradan azərbaycanlı qardaşlarımıza sevgi və salamlarımı dilə gətirirəm. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin adada fəaliyyəti bizi sevindirir. Biz Azərbaycan Türklərini özümüzə yaxın hissedirik. Sizlərin burada olub, xalqlarımız arasında əlaqələri gücləndirməniz olduqca əhəmiyyətlidir. Qardaş Azərbaycanın burada tanıdılması uğurlu fəaliyətlərdir. Qarşılıqlı olaraq bir-birimiz ilə yaxınlıqlar qurmağımızda ictimai fəaliyyətlər mühüm əhəmiyyət kəsb edir. ŞKTR-nın Azərbaycan ilə iqtisadi, siyasi, mədəni əlaqələrini inkişaf etdirilməsində maraqlıyıq. Çox sayıda azərbaycanlı qardaşımız ŞKTR-da yaşamaqdadır. Hər bir azərbaycanlı burada fəxri böyükelçidir.

Prezident əlavə olaraq vurğulayıb ki: Azərbaycan Respublikasının Dağlıq Qarabağ müharibəsində sərgiləmiş olduğu milli iardə Kıbrıs xalqını olduqca sevindirir. Möhtərəm prezident İlham Əliyevin cəsarətli addımları Dağlıq Qarabağ müharibəsində zəfər əldə etməsi ilə nəticələndi. Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq. Bundan sonra da Şimali Kipr Türk Respublikası dövləti və xalqı olaraq qardaş Azərbaycanın yanında olacağıq. Hər iki ölkə arasında diplomatik və dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində səylərimiz davam edəcək.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri bildirib ki, 2021-ci ildə qarşıda ciddi layihələrin icrası üçün işlər aparılır. Gazimağosa şəhərində Qarabağ parkının açılması, Lefkoşa şəhərində yerləşən Heydər Əliyev prospektinin və Alsancaq bölgəsində yerləşən Azərbaycan məhəlləsinin yenidən qurulması nəzərdə tutulub. Cəmiyyət 2021-ci ildə baş tutacaq olan Türk Vizyon Film Festivalına sponsorluq edəcək. Bakı şəhərində Kıbrıs Konfransı keçirəcək. 2021-ci il tədbirlər planında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Görüşdə professor Fəxrəddin Məmmədov Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımız haqqında əlavə məlumatlar verib. Onların Kipr cəmiyyətində uğurlu fəaliyyətlərindən bəhs edib. Artıq Şimali Kiprdə çox sayıda azərbaycanlı ailələrin yaşadığını diqqətə çatdırıb.

Sonda Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti adından prezident Ərsin Tatara ictimai-siyasi fəaliyyəti dövründə daima azərbaycanlılara dəstək olduğu üçün xatirə plaketi təqdim olunub. Xatirə fotosu çəkilib.