“Şimali Kiprin Türk Dövlətləri Təşkilatına üzv götürülməsi mühüm və cəsarətli addımdır” – ŞƏRH

“Belə bir qərarın qəbulu çox müsbətdir və Şimali Kiprin daha çox ölkələr tərəfindən tanınmasına təkan verəcək addımdır”.

Bu fikirləri noyabrın 11-də Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bu quruma müşahidəçi qismində üzv seçilməsinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Şimali Kiprin TDT-yə üzvlüyü bu qurumun iştirakçı ölkələrinin qətiyyətinin göstəricisidir:

“Bu gün Səmərqənddə gerçəkləşən Zirvə Görüşü bütövlükdə Türk dünyası adına çox vacib bir tədbirdir. Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində atılan ardıcıl addımlar geniş coğrafiyada məskunlaşan türk toplumları arasında bağları daha da möhkəmləndirir, bütün sahələr üzrə əlaqələri xeyli genişləndirir.

Çox əlamətdar haldır ki, Səmərqənd sammitində müstəqil türk dövlətləri tam heyətlə təmsil olunurlar. Ötən illərdə bəzi ölkələrin bu təşkilatla bağlı müəyyən tərəddüdləri olsa da, artıq belə görünür ki, həmin dövlətlər də bu birgəliyin zəruriliyini tam ciddiliyi ilə qəbul edirlər.

Səmərqənd sammitinin daha bir özəlliyi və tarixə keçən məqamı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzvlüyə qəbul edilməsidir. Bildiyiniz kimi, Türkmənistan və Macarıstan bu qurumda müşahidəçi qismində təmsil olunurlar.

Lakin onlardan fərqli olaraq, Şimali Kiprin dövlət müstəqilliyi hələlik yalnız Türkiyə tərəfindən tanınır. O baxımdan, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına üzv götürülməsi mühüm və cəsarətli addım kimi qiymətləndirilə bilər. Bütün hallarda belə bir qərarın qəbulu çox müsbətdir və Şimali Kiprin daha çox ölkələr tərəfindən tanınmasına təkan verəcək addımdır”.

A.Zeynalov