Simonyan qərarsız QALIB – Matviyenkonun səfərində NƏ OLACAQ?

Ermənistan parlamentinin sədri Alen Simonyan hələ də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun qarşılanması məsələsində qəti qərar verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.

Nəşr Simonyana sorğu göndərərək, 2022-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosini hava limanında çiçəklə və hər iki əli ilə salamlamasını xatırladıb. Həmin vaxt Matviyenkonun bu isti qarşılanmadan təəccübləndiyi qeyd edilib və Simonyanın ona da oxşar münasibət göstərəcəyini vəd etdiyi vurğulanıb. Nəticədə, qəzet parlament sədrindən Matviyenkonu da qucaqlayaraq qarşılayıb-qarşılamayacağını soruşub.

Lakin Simonyanın cavabı qeyri-müəyyən olub. O, parlamentin mətbuat katibi vasitəsilə verdiyi açıqlamada bildirib ki, Ermənistan Respublikasının “Məlumat azadlığı haqqında” qanununa əsasən bu, rəsmi sorğu hesab olunmur.

Xatırladaq ki, Valentina Matviyenkonun bu ilin 5-6 iyun tarixlərində İrəvana səfəri gözlənilir.

Rafi Müslümov