Sinan Burhan MEDİA haqqında: “4 yaşında bu qədər nailiyyət əldə edən agentliyin dünyaya səs salacağına əminik”

Bu gün Medianın İnkişaf Agentliyinin yaradılmasından 4 il ötür. Yeni yaradılarkən MEDİA-nın əsas hədəfi mətbuatın inkişafını dəstəkləmək, media sahəsində peşəkar kadrlar hazırlamaq, bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq idi. Qısa müddətdə MEDİA  qarşısına qoyduğu hədəflərə nail olmaqla yanaşı beynəlxalq arenada nümunəvi bir quruma çevrilib. 

Mövzu ilə bağlı Türkiyənin Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhan Moderator.az-a danışdı. Bildirdi ki, MEDİA-nın bu 4 ildə həyata keçirdiyi layihələr Azərbaycan mediasında böyük dəyişikliklərə səbəb olub:

“Media İnkişaf Agentliyinin 4 yaşını qardaş ölkənin mediası olaraq biz də təbrik edirik. Azərbaycan günü gündən qüvvətlənir, dünya arenasında öz layiqli yerini turur. Bu mövzuda medianın da gücü danılmazdır. Azərbaycan mediası düzgün şəkildə istiqamətləndirilib və onların hər biri bir amal uğrunda çalışır. Bu baxımdan Media İnkişaf Agentliyinin də əməyi, zəhməti danılmazdır.

44 günlük vətən müharibəsindən böyük qələbə ilə çıxan Azərbaycan mediası da zəfər qazanmışdı. Çünki  düzgün şəkildə yeridilən media siyasəti, istiqaməti  göz önündə idi. Yeni hədəflərə doğru qətiyyətli addımlar atan, dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan dövlətinin dayanıqlı və savadlı mətbuata ehtiyacı vardı. Bu ehtiyacı MEDİA layiqincə öhdəsindən gəldi.  Biz bir daha qardaş ölkənin mediası, eyni zamanda Anadolu Dərnəyi adından olaraq MEDİA-da çalışan bütün həmkarlarımızı təbrik edirik.  Onlara tutduqları yolda daima zəfər qazanmalarını diləyirəm. Bu çox çətin bir yoldur… 4 yaşında bu qədər nailiyyət əldə edən agentliyin 14 yaşında dünyaya səs salacağına da əminik”.