Sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da 12 şəhər və rayonda sınaq imtahanları keçirəcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 56 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 29925 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahanların idarə edilməsi üçün 182 imtahan rəhbəri, 1785 nəzarətçi-müəllim ayrılıb.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.