“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba” filmlərində yaddaqalan obrazları ilə adını kino tarixinə əbədi yazdırdı. Hələ neçə-neçə obraza da can verəcəkdi… Amma əcəl aman vermədi.
Xalq artisti, sevilən aktrisa Nuriyyə Əhmədovanın xatirə günüdür. Xoşbəxt aktrisa kimi hər kəsin sevimlisi olsa da, həyatda bəxtəvər qadınlardan ola bilmədi. Heç ana kimi də yarayıb, övladlarının barını-bəhərini dadmadı Nuriyyə xanım. Ciyərparəsi, göz bəbəyi olan yeganə qızını faciəli şəkildə itirməklə sinəsinə övlad dağı çəkildi.
Sonra oğlunun itkisi ilə tale ona daha bir acı yaşatdı. O, acıların içində qıvrıla-qırıla yaşamağı bacardı. Çünki güclü qadın idi. Amma o güc də bir yerə qədər idi… Filmlərdə çəkiləndə, həyatın ona yaşatdığı ağrı-acısını azaltmağa çalışsa da, çəkiliş meydançasından ayrılan kimi yenə də dərdi ilə baş-başa qalırdı.
Dözə biləcəyi qədər dözdü, amma bir gün bu dərdlərini özü ilə birgə son mənzilə apardı Nuriyyə xanım. Elə son vəsiyyəti də övladları ilə bağlı idi. Oğlunun yanında dəfn olunmağını istədi və bu son arzusu da gerçəkləşdi. Amma hər şey sona yetmədi. Nuriyyə Əhmədova bu gün çəkildiyi filmlərdəki obrazlarında yarımçıq qalan ömrünü davam etdirməkdədir. Axı sənətkarlar ölmür.
Cəvahir