Sinif yoldaşı Fuad Poladovun sirrini açdı: “Bunu atasından gizlədirdi”

“Çox əsəbiləşdi və dedi ki, kəs səsini, bir də bu sözü dilinə gətirmə”

Mayda dünyaya göz açdı, elə bir ilıq may günündə də bu dünyaya əlvida dedi. Amma cismən. Çünki aktyorlar həyatlarının ikinci mərhələsini oynadığı obrazlarla davam etdirirlər. O da ömrünü rolları ilə davam etdirəcək. Xalq artisti, əvəzolunmaz aktyor Fuad Poladovu deyirəm, bu gün doğum günüdür. Nə vaxt doğum günündə zəng etsəydik, “İş başındayam, axşama tamaşam var” deyən sənətkarı bu gün sinif yoldaşı və yaxın dostu Rəsul İsgəndərovla birgə yad edəcəyik.

R.İsgəndərovun Fuad Poladovla Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Biz Fuadla bir sinifdə oxumuşuq. O əvvəl 190 saylı məktəbdə oxuyurdu, dördüncü sinifdən bizim sinifə gəldi. Orta məktəbi bitirəndən sonra, o İncəsənət İnstitutuna daxil oldu, mən isə ali məktəbə daxil ola bilmədim. Amma illər boyu bu dostluq davam etdi.

– Fuadın aktyor olmaq həvəsi nə vaxtdan başlamışdı?

– Elə uşaqlıqdan. Altıncı sinifdə oxuyanda mənə ürəyini açdı, arzularından danışdı, dedi ki, aktyor olacağam. Amma onu da deyirdi ki, atamgil mənim aktyor olmağımı istəmir. Atası çox sərt xarakterli insan idi, Fuadın aktyor olmasının qəti əleyhinəydi. Bu sənətin arxasınca getməsi üçün ona icazə vermirdi. Fuad atasından xəlvət Lütfü Məmmədbəyovun teatr dərnəyinə gedib-gəlirdi. Məktəbdən çıxıb ora qaçırdı.

– Niyə onun aktyor olmasını istəmirdi ki?

– Fuadın atası Ağarəhim müəllim 161 saylı məktəbin direktoru idi. Hamı ona Ağa müəllim deyə müraciət edirdi. Ağır təbiətli insan idi. Deyirdi ki, bizim nəsildə artist olmayıb, Fuadı da bu sənətin arxasınca getməyə qoymaram. Bir dəfə onlara getmişdim. Atasına dedim ki, Ağa müəllim, Fuadın ürəyindəki arzusu aktyor olmaqdı, niyə icazə vermirsiniz sevdiyi sənətin arxasınca getsin? Çox əsəbləşdi və dedi ki, kəs səsini, bir də bu sözü dilinə gətirmə. Sonradan Fuadın gizli dərnəyə getməsinin üstü açıldı. Çox böyük narazılıq oldu, amma artıq iş-işdən keçmişdi.

– Atasıgilin maddi vəziyyəti necə idi?

– Atası direktor olmamışdan əvvəl “Köhnə Oktyabr” rayonunda Təhsil Nazirliyində işləyirdi, anası da müəllimə idi. İmkanları yaxşı idi.

– Fuad xasiyyətcə necə bir oğlan idi?

– Çox ciddi və yerini bilən oğlan idi. Məktəbdə hamı ona xarakterinə görə hörmətlə yanaşırdı.

– Yəqin ki, yaraşıqlı oğlan olduğuna görə məktəb qızlarının da gözü onda olub?

– Düzdür, görünüşcə də çox xarizmatik oğlan idi, dəblə geyinirdi, qızların diqqətini özünə cəlb etməyi bacarırdı. Amma bunu qəsdən etmirdi, özündə bir cazibə qüvvəsi vardı.

– Qızların sevgisindən istifadə edirdi?

– Qətiyyən. Ciddi oğlan idi, sənətə daha çox maraq göstərirdi.

– Dalaşqan oğlan idi?

– Yox, amma ona qarşı səhv göstərildisə, həmin adamın cavabını yerindəcə verərdi.

– Ən sərt xüsusiyyəti nə idi?

– Elə məktəbdə oxuduğu vaxtlardan haqsızlığı bağışlamazdı. Belə məqamlarla üzləşəndə çox sərt olurdu.

– Ən yaxın dostları kimlər idi?

– Sinif yoldaşları. Bir yerdə oxuduğumuz uşaqlardan bir neçəsini itirdik, Fuad bu itkini çox ağır yaşadı. Dostlarla görüşüb, oturmağı, deyib-gülməyi xoşlayan adam idi.

– Son görüşünüz nə vaxt olub bəs?

– Xəstə olan vaxtlarda elə ancaq zəngləşirdik. Xasiyyətinə bələd idim, bilirdim ki, qürurlu olan Fuad istəməz xəstə halıyla dostları, yaxınları görsün. Buna görə də evinə getmirdim.

– Bu gün doğum günüdür. Doğum günlərini qeyd etməyi xoşlayırdı?

– Heç vaxt xoşlamırdı. Nə uşaqlıqda, nə də sonralar. Hər dəfə mayın 24-də zəng edirdim ki, Fuad, yığışaq, oturaq. İstəmirdi. Qeyri-adi xarakterə malik insan idi. Qəribəlikləri vardı. Ad gününü səhnədə keçirirdi. O, sənətinin aşiqi idi.

– Çox gec evlənmişdi. Yəqin onun Vəfa Fətulayeva ilə yaşadığı sevgisindən xəbəriniz olub?

– Fuad çox gec, 40 yaşında ailə qurdu. Bir oğlu, bir qız övladı var. Qızını köçürmüşdü, arzusu atasının adını qoyduğu Ağarəhimi evləndirib, oğul-uşaq sahibi etmək idi. Amma xəstəlik arzusunu ürəyində qoydu.

– Sualımı cavablandırmadınız, bu sevgidən xəbəriniz vardı yəqin?

– İstəmirəm bu barədə danışım. Xahiş edirəm heç soruşmayın da. Çünki nəsə deyib, bununla ailəsinin xətrinə dəymiş olaram.

Cəvahir

COP29