Sınıqçı, yoxsa həkim? – VİDEO

Əli, qolu, ayağı sınan, əzilən və ya çıxanlar arasında hələ də həkim əvəzinə sınıqçıya müraciət edənlər var. Belə hallarla bölgələrdə daha çox rastlaşmaq olar.

Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində bununla bağlı süjet efirə gedib.

Sorğuda iştirak edən respondentlərin cavabı isə fərqli olub:

“Sınıqçılar dədə-baba dövründə qaldı. O vaxt camaat ayılmamışdı, sınıqçıya daha çox müraciət edirdilər”.

Digər respondent isə rentgen etdirmədən sınıqçıya gedənləri qınayıb:

“Travmatoloq olan yerdə sınıqçıya getməyi düz saymıram”.

Sınıqçı Vahid Ələsgərov deyir ki, sınıq, əzik və ya çıxığı əli ilə müayinə edir və müalicə üsulu kimi məlhəmdən istifadə edir. Onun sözlərinə görə, ən çox müraciət çıxıqla bağlıdır. Bu günə kimi qoyduğu diaqnozlarda isə yanılmayıb:

“Barmaqla baxan kimi bilirik ki, qırıq yoxdur, bərk əzikdir. Qabırğa qırığı olduqda qırla sarıyırıq. Barmaq, qol və ayaq qırıqlarında saqqız, yumurta və yağdan məlhəm düzəldib istifadə edirik. Xəstə gedib rentgen edir və nəticə bizim qoyduğumuz diaqnozla bir olur”.

Elmi-Tədqiqat Travmatologiya Ortopediya İnstitunun şöbə müdiri Eldar Əsədlinin sözlərinə görə, sınıqçıya müraciət etdikdən sonra vəziyyəti ağırlaşanlar da kifayət qədərdir.

Həmin xəstələrin müalicəsi isə bəzən əməliyyatla mümkün olur:

“Xəstələr travma aldıqdan sonra sınıqçılara müraciət edirlər və bu zaman qeyri-peşəkar yardım alırlar. Sadə bir gipslə düzəlməsi mümkün olan sınıq hətta əməliyyatla düzəlməli olur. Travma almış hər 10 xəstədən, demək olar ki, 3-ü ilk öncə sınıqçılara müraciət edirlər”.