Bir neçə gün əvvəl “Baku Art Lab” şirkətinin “SİPARK” tikinti şirkətindən şikayəti mediada dərc olunub.
Yenicag.az xəbər verir ki,İlk olaraq 7news.az saytının dərc etdiyi bu şikayətdə “SİPARK”-ın “Baku Art Lab” şirkətinə borclu olduğu 15750 manat vəsaiti ödəməkdən imtina etdiyindən bəhs olunur. Şikayət edən tərəf də etiraf edir ki, ilkin razılığa və KİŞİ SÖZÜnə etibar edərək, anlaşmanın dərhal rəsmiləşməsinə israr etməyiblər. Reklam 9 həftə yayımlandıqdan sonra, müqavilə və ödəmə sənədləri ilə “SİPARK”a müraciət etdikdə, rədd acavabı alıblar və şirkət müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edib.
Yazı mediada yayımlandıqdan sonra “SİPARK” şirkəti rəsmi açıqlama yaydı. Amma həmin açıqlamada da şirkət dolayısıyla faktın doğruluğunu təsdiqləyir. Yəni, doğrudan da “centilmen anlaşması” olub, doğrudan da şirkətin reklamı telekanal efirində gedib, indi isə borcunu ödəmək istəmir. Gətirdiyi bütün bəhanələrin mahiyyətini isə bir cümlə ilə belə ifadə etmək olar: “Ağılları olaydı, müqavilə bağlayaydılar”.
Xub!
Öncə ondan başlayaq ki, “SİPARK” şirkətinin çox aşağılayıcı tonda tərtib etdiyi və təbii ki, bizim o hissələri ixtisarla çap etdiyimiz açıqlamanın əslində medianın ünvanına ağır ittihamlar səsləndirilib, həmkarlarımıza “əxlaq” dərsi keçməyə cəhd edilib.
Göründüyü kimi, media sadəcə faktı yazıb, dolayısıyla hər iki tərəfin dedikləri üst-üstə düşür. Hüquqi cəhətdən kimin haqlı olub-olmamasından asılı olmayaraq, “centilmen anlaşması” və “KİŞİ SÖZÜ”nü pozan tərəf bəllidir. Deməli, kimin və ya hansı şirkət rəhbərinin “əxlaq dərsi”nə ehtiyacı olduğu da ortada! Bir şirkət rəhbəri, konkretləşdirsək, “SİPARK”ın prezidenti Seymur İsayev 15750 manata görə, verdiyi sözün arxasından qaçırsa, ictimai dəyərlər baxımından medianın onu sorğulamağa haqqı var!
Bu həmin Seymur İsayevdir ki, adı mediada həmişə qalmaqallarda hallanıb. Hətta elə mövzularda ki, biz bu mövzulardan bəhs etməyi belə, saytımıza yaraşdırmamışıq. Maraqlanan Google-da axtarış verə bilər.
Bu həmin “Sipark” şirkətidir ki (əvvəlki adı “Evrostroy-S” MMC), adı ağlımıza gələ biləcək bütün qalmaqallarda hallanır.
Ümumiyyətlə, ötən gün digər tikinti maqnatı “Şərurlu İsfəndiyar”la bağlı qalmaqal da (Aprel şəhidinin evinin əlindən alınması) bir daha göstərdi ki, Azərbaycan iqtisadiyyatı məmur himayəsində olan mağara təfəkkürlü saxta iş adamlarından da mütləq arınmalıdır. Əks halda ölkədə Prezident İlham Əliyev tərəfindən başlanan islahat dalğası bu, bəzi hallarda hətta adını belə yazmağı bacarmayan şəxslər tərəfindən hər vəchlə boğulacaq./Qaynarinfo/